Bakı və Abşeronun su gələcəyi: yeni dövlət strategiyasının başlanğıcı
Müasir dövrdə su təhlükəsizliyi artıq təkcə kommunal məsələ deyil, birbaşa milli təhlükəsizlik və sosial rifahla bağlı strateji anlayışa çevrilib. Məhz bu baxımdan yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə xüsusi əhəmiyyət daşıyır. Həmin müşavirədə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutan, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı müzakirə olundu. Məncə, bu müzakirə ölkəmizin su siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyev çıxışında haqlı olaraq vurğuladı ki, Azərbaycan artıq əsas infrastruktur çağırışlarını, o cümlədən enerji generasiya güclərinin formalaşdırılmasını tələbatdan artıq səviyyədə həll edib. Qarşıda duran əsas hədəf isə paytaxtda və ətraf qəsəbələrdə uzun illərdir mövcud olan su problemlərini qabaqcıl texnologiyalar və kompleks yanaşma əsasında köklü şəkildə aradan qaldırmaqdır. Dövlət başçısının “əhalini, sənayeni və kənd təsərrüfatını dayanıqlı su ilə təmin etmək” barədə səsləndirdiyi fikirlər bu proqramın fəlsəfəsini açıq şəkildə ortaya qoyur.
Etiraf etmək lazımdır ki, Bakının və Abşeron yarımadasının içməli su problemləri uzun illərdir gündəmdədir. Müəyyən addımlar atılsa da, məsələ köklü və sistemli həllini tapmamışdı. Məhz buna görə də genişmiqyaslı və müfəssəl Dövlət Proqramının hazırlanması vaxtın tələbidir. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə etməklə milyonlarla insanın həyat keyfiyyətinə birbaşa təsir göstərəcək.
Proqramın ən mühüm üstünlüklərindən biri onun innovativ yanaşmaya söykənməsidir. Burada təkcə köhnə boru xətlərinin dəyişdirilməsindən deyil, bütövlükdə su təchizatı sisteminin yenidən qurulmasından söhbət gedir. “Ağıllı su şəbəkələri”nin yaradılması, rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi, real vaxt rejimində monitorinq sistemləri su itkilərinin minimuma endirilməsinə, qəza risklərinin vaxtında aşkarlanmasına imkan verəcək. Mənim fikrimcə, bu yanaşma Bakının və Abşeronun dayanıqlı şəhər modelinə keçidini sürətləndirən əsas amillərdən biri olacaq.
Eyni zamanda, yağış və tullantı suları sistemlərinin yenidən qurulması şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Daşqın risklərinin azaldılması, tullantı sularının müasir standartlara uyğun təmizlənməsi həm ictimai sağlamlıq, həm də urbanistik inkişaf baxımından həlledici əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı sadəcə texniki sənəd deyil, Bakının və Abşeronun su gələcəyini müəyyən edən strateji yol xəritəsidir.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini






















