image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1704713608_az

“Bakı əməliyyatı”

image-legitimaz-810x90

“Bakı əməliyyatı”

20 Yanvar 1990-cı il – “Bakı əməliyyatı” Sovet imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi qanlı hərbi cinayət kimi tarixə düşmüşdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa göstərişi ilə Bakı şəhərinə və ətraf ərazilərə ümumilikdə 26 minə yaxın silahlı sovet hərbi kontingenti yeridilmiş, fövqəladə vəziyyət elan edilməzdən əvvəl dinc əhaliyə qarşı ağır hərbi texnika və odlu silahlardan istifadə olunmuşdur. Hərbi əməliyyat zamanı tanklar, zirehli maşınlar, xüsusi təyinatlı bölmələr və desant hissələri şəhərə müxtəlif istiqamətlərdən daxil olmuş, nəticədə 133 nəfər mülki şəxs qətlə yetirilmiş, 700-dən çox insan ağır və yüngül xəsarət almış, 800-dən artıq şəxs qanunsuz həbs edilmiş, onlarla insan isə ömürlük şikəst olmuşdur. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar, həkimlər, sürücülər və təsadüfi yoldan keçən sakinlər də olmuşdur ki, bu da əməliyyatın məqsədli şəkildə dinc əhaliyə qarşı yönəldildiyini sübut edir. “Bakı əməliyyatı”nın əsas məqsədi Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq, milli özünüdərkin və müstəqillik ideyalarının qarşısını almaq idi. Lakin bu qanlı hadisə əks təsir göstərmiş, xalqın iradəsini sarsıtmaq əvəzinə onu daha da möhkəmləndirmişdir. 20 Yanvar faciəsi SSRİ-nin öz vətəndaşlarına qarşı tətbiq etdiyi dövlət terrorunun bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın müstəqillik yolunda verdiyi ilk və ən ağır qurbanlardan biri kimi qiymətləndirilir. Hadisələr zamanı televiziya yayımının enerji bloku partladılaraq dayandırılmış, informasiya blokadası yaradılmış, bu isə beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması demək idi. Tarixi-siyasi baxımdan 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik prosesini sürətləndirmiş, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun dönüş nöqtəsinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində verdiyi bəyanatla bu qanlı əməliyyatı açıq şəkildə pisləmiş, SSRİ rəhbərliyini cinayətkar məsuliyyət daşımaqda ittiham etmişdir. Məhz bu siyasi mövqe sonradan 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsinin əsasını qoymuşdur. Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anılır, onlar azadlıq, suverenlik və milli ləyaqət uğrunda mübarizənin əbədi simvolu kimi tarixdə yaşayırlar.

Veteran müəllim Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki