Bakı əməliyyatı.
20 Yanvar 1990-cı il, Azərbaycan xalqının tarixində təkcə hüzn deyil, eyni zamanda milli birlik və müstəqillik uğrunda mübarizə simvolu kimi qızıl hərflərlə yazılmışdır. Həmin gün, Sovet İttifaqının rəhbərliyi Azərbaycan xalqının azadlıq və suverenlik tələblərinə zorakı cavab verdi. Bu hadisələr tarixə “Bakl Əməliyyatı” adı ilə düşdü və xalqın iradəsini sındırmağa yönəldilmiş qəddar bir hərbi müdaxilə kimi yadda qaldı. Bakl Əməliyyatı” SSRİ Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi müdaxilə idi. Əməliyyatın məqsədi Bakı şəhərində və Azərbaycanın digər bölgələrində Sovet hakimiyyətinə qarşı başlayan kütləvi xalq etirazlarını yatırmaq idi. Azərbaycan xalqı həmin dövrdə Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarına və Sovet rəhbərliyinin bu məsələdə ədalətsiz mövqeyinə qarşı çıxırdı. 1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır. Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir. Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər. 1990-cı ilin yanvar ayının 19-da Bakıda fövqəladə vəziyyət elan olundu. Lakin bu qərar haqqında məlumat yalnız əməliyyat başladıqdan sonra yayıldı, belə ki, xalq bundan xəbərsiz idi. Gecə saatlarında şəhərə tanklar və silahlı qoşunlar daxil oldu. Əməliyyat zamanı dinc əhaliyə qarşı ağır silahlar tətbiq edildi. Heç bir xəbərdarlıq edilmədən evlərə, avtomobillərə, hətta təcili tibbi yardım maşınlarına atəş açıldı. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta məktəbin müəllimi Cəfərova Aygül Ayaz qızı.






















