Azərbaycanın tarixində yeni inkişaf səhifəsi
2020-ci il Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, yeni bir mərhələnin başlanğıcı oldu. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də xalqımızın milli qürurunun, dövlətimizin gücünün və gələcəyimizin yeni inkişaf səhifəsinin əsasını qoydu.
Bu Qələbə ilə Azərbaycan öz torpaqlarını azad etməklə yanaşı, regionda tamamilə yeni reallıq yaratdı. Artıq Qarabağ və Şərqi Zəngəzur torpaqları dağıntı və işğal tarixindən çıxaraq bərpa və dirçəliş dövrünə qədəm qoyub. Bu dirçəlişin mərkəzində isə Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, əzmkar fəaliyyəti və quruculuq iradəsi dayanır.
Azad edilmiş torpaqlara səfərləri zamanı Prezident cənab İlham Əliyev təkcə dövlət başçısı kimi deyil, həm də bir vətən sevdalısı kimi çıxış edir. O, bu səfərlərdə öz sevincini xalqla bölüşür, hər bir dağıdılmış şəhərdə, hər bir kənddə xalqımıza ümid, inam və ruh verir. Prezidentin “Biz bu torpaqlara qəhrəmanlıqla qayıtmışıq və bu torpaqlarda həyat yenidən bərpa olunacaq” sözləri bu siyasətin mahiyyətini dolğun ifadə edir.
Artıq azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bir vaxtlar viran qoyulmuş şəhərlərimiz bu gün yenidən dirçəlir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın və Şuşa kimi bölgələrimizdə dövlət tərəfindən aparılan infrastruktur layihələri Azərbaycanın gələcəyinə inamın bariz təzahürüdür.
Bu torpaqlarda yeni həyatın təməli qoyulub. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ağıllı şəhər və ağıllı kənd konsepsiyaları həyata keçirilir. Enerji təminatı üçün müasir sistemlər qurulur, bərpa olunan enerji mənbələrindən istifadə olunur. Elektrik xətləri, qaz və su şəbəkələri, telekommunikasiya xətləri tam yenidən qurulur.
Hər bir azad edilmiş şəhərdə İşğal və Zəfər muzeyləri inşa edilir. Bu muzeylər həm tarixi yaddaşın qorunması, həm də gənc nəsillərə vətən sevgisinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. İşğalın acı izlərini, eyni zamanda Qələbənin qürurunu özündə birləşdirən bu muzeylər Azərbaycan xalqının dözüm və yenilməzlik simvoluna çevriləcək.
Bununla yanaşı, bölgələrdə xəstəxanalar, məktəblər, mədəniyyət evləri, idman kompleksləri və yaşayış binaları inşa edilir. Şuşa şəhəri artıq öz əvvəlki gözəlliyinə qovuşur. Burada tarixi binalar, məscidlər, muzeylər və mədəniyyət abidələri bərpa olunur. Bütün bu işlər milli memarlıq ənənələrinə uyğun, zövqlə və müasir standartlara əsaslanaraq aparılır.
Ən mühüm infrastruktur layihələrindən biri hava limanlarının inşasıdır. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının tikintisi regionun iqtisadi inkişafını sürətləndirir və Qarabağı dünyaya bağlayır. Bu limanlar həm də Qələbənin simvoluna çevrilib – çünki onlar azad torpaqlarda yenidən dirçələn həyatın, Azərbaycan iradəsinin göstəricisidir.
Bundan başqa, yollar, dəmir yolları, tunellər və körpülər tikilir. Qarabağı Azərbaycanın digər bölgələri ilə birləşdirən Zəfər Yolu, Füzuli–Şuşa avtomobil magistralı, Horadiz–Ağbənd dəmir yolu kimi layihələr bərpa prosesinin əsas dayaqlarıdır. Bu yollar təkcə fiziki mənada bölgələri birləşdirmir, həm də xalqla azad torpaqlar arasında mənəvi körpü yaradır.
Prezident cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, azad edilmiş torpaqlar “yenidən qurulacaq və həyat oraya qayıdacaq.” Bu sözlər artıq reallığa çevrilir. Azad edilmiş ərazilərdə “Böyük Qayıdış Proqramı” çərçivəsində minlərlə insan doğma yurdlarına qayıdır. Yeni yaşayış məhəllələri salınır, kənd təsərrüfatı və sənaye sahələri inkişaf etdirilir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri Azərbaycanın iqtisadi gücünü, xalqın əzmini və dövlətin iradəsini bir daha nümayiş etdirir. Qısa zaman ərzində bu torpaqlarda tamamilə yeni həyatın qurulması dünya miqyasında nadir hadisədir. Əslində, bütün bu proses Azərbaycanın tarixində yeni inkişaf səhifəsidir. Bu səhifə Qələbə üzərində, inam və milli həmrəylik üzərində yazılır. Hər yeni tikilən məktəb, hər bərpa olunan mədəniyyət abidəsi, hər təmir edilən məscid – Azərbaycanın dirçəliş və yenidən doğuluş simvoludur.
Bu gün Qarabağ torpağında səslənən uşaq gülüşləri, bərpa olunan evlərdən qalxan tüstü, tikilən yollar və körpülər Azərbaycan xalqının yenilməz ruhunun əyani sübutudur. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə ərazilərini deyil, həm də öz gələcəyini, öz inamını, öz kimliyini bərpa edib.
Bu yeni dövr Azərbaycanın müstəqilliyinin, qüdrətinin və xalqının birliyinin parlaq göstəricisidir. Qarabağın dirçəlişi, azad torpaqlarda həyatın bərpası müstəqil Azərbaycanın gücünü və əzmini bütün dünyaya nümayiş etdirən ən böyük Zəfərdir.
Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva























