image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbaijan-travel

Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması

image-legitimaz-810x90

Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması

Müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması istiqamətində ciddi fəaliyyət həyata keçirilridi.

1993-cü ilin Azərbaycanına bir nəzər yetirək: hakimiyyət böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi, sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır psixoloji durumu. Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Yüksək intellektə, parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Heydər Əliyev xalqdan aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı. Bu çətin, keşməkeşli, həm də şərəfli missiyanı vicdan və ləyaqətlə icra etməyi bacaran Heydər Əliyev sonsuz dərəcədə sevdiyi xalqının inamını qazanmaqla Ümummilli Lider zirvəsini fəth etdi.

1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi təhlükə altında olanda Azərbaycan dövlətinin son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız Ulu Öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalq öz Liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səs verdi. Böyük  dövlət xadimi ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, güclü iqtisadiyyatı olan, müstəqil xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurdu.

Ulu Öndər Heydər Əliyev ilk gündən demokratiya yolunu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi. O, bu torpaq, Vətən üçün, xalq üçün doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və əbədidir.

Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.

Bugünkü güclü Azərbaycanın bütün uğurlarının kökündə Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin müzəffər davamçısı Prezident cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib. Fəxrlə deyə bilərik ki, regionda Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından danışmaq belə mümkün deyil.

Müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət yaradan, bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi Liderinin əziz xatirəsini daim uca tutur, yad edir. Bizim müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli sərvətimizdir.

 

       Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki