Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Böyük siyasət xadiminin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdi. Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dövlət müstəqilliyi möhkəmləndirilən Azərbaycanın qısa zamanda dünya birliyinə inteqrasiyası təmin olundu. Məhz bütün bunların nəticəsdir ki, Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək bir çox layihələri səmərəli şəkildə həyata keçirir.
Məlum olduğu kimi Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Məhz zamanında aparılmış bu düzgün siyasət nəticəsində artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması isə Ulu Öndər Heydər Əliyevin ən əsas amalı idi.
Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru