Azərbaycanın postmünaqişə dövründə regional liderliyi və yeni geosiyasi reallıqlar
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda verdiyi müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin, postmünaqişə dövründə ölkəmizin prioritetlərinin və Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların aydın və prinsipial təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bu müsahibədə milli maraqlarımızı beynəlxalq auditoriyaya açıq və qətiyyətli şəkildə çatdıraraq Azərbaycanın sülhpərvər, eyni zamanda prinsipial mövqeyini bir daha nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan ilk dəfə olaraq müstəqillik tarixində real sülh şəraitində yaşayır və bu vəziyyət həm ölkəmiz, həm də region üçün unikal imkanlar yaradır. Beş-altı ay davam edən sülh mühiti göstərir ki, uzun illər münaqişə və qarşıdurma ilə yadda qalan region artıq sabitlik və əməkdaşlıq mərhələsinə daxil olmaqdadır. Bu, təsadüfi proses deyil, məhz Azərbaycanın ardıcıl siyasətinin və güclü siyasi iradəsinin nəticəsidir.
Müsahibədə Ermənistanla Azərbaycan arasında sülh prosesinə dair səsləndirilən fikirlər münasibətlərdə ciddi dönüş nöqtəsinin yaşandığını açıq şəkildə göstərir. Tarixən gərginlik və münaqişələrlə müşayiət olunan Cənubi Qafqaz bu gün sülh, əməkdaşlıq və qarşılıqlı inkişaf imkanları ilə səciyyələnən yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin mesajları Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında aparıcı və məsuliyyətli rol oynadığını təsdiqləyir.
Davosdan verilən bu müsahibə eyni zamanda Azərbaycanın qlobal platformalarda artan siyasi çəkisinin, beynəlxalq proseslərdə söz sahibi olan dövlətə çevrilməsinin bariz nümunəsidir. Postmünaqişə dövründə Azərbaycan yalnız milli maraqlara əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. Bu yanaşma ölkəmizin həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc






















