Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi
Ölkə Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə Konstitusiyanın aliliyini qoruyur.
Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu, hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar Konstitusiyada öz əksini tapmışdır. Bu sənəd heç bir ayrı- seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Hüquq bərabərliyi bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar Məcəllələr ilə və digər qanunlarla təsbit olunmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin əsas nüvəsi olan ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri




















