AZƏRBAYCANIN BEYNƏLXALQ TƏŞKİLATLAR DAXİLİNDƏ ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!
10-oktyabr 2025-ci ildə Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası bir daha sübut etdi ki, bu təşkilat postsovet məkanında qarşılıqlı etimadın, dialoqun və əməkdaşlığın vacib platformasına çevrilib. Qlobal siyasətdə yeni qüvvə mərkəzlərinin formalaşdığı bir dövrdə MDB çərçivəsində əməkdaşlığın qorunub saxlanılması və inkişaf etdirilməsi regional sabitliyin əsas sütunlarından biridir. Düşənbə iclasında cənab Prezident İlham Əliyevin səsi MDB-nin gələcək istiqamətlərini müəyyənləşdirən səs idi. Liderimizin çıxışında həm humanitar əməkdaşlığa çağırış, həm regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, həm də mədəni diplomatiyanın rolu aydın şəkildə ifadə olunurdu. Azərbaycan artıq təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də mədəni, idman və humanitar körpülərin qurucusudur. Laçının mədəniyyət paytaxtı elan olunması və Gəncədə MDB Oyunlarının uğurla keçirilməsi bu həqiqətin ən parlaq nümunələridir. MDB-nin gələcəyi məhz belə təşəbbüslərin, qarşılıqlı hörmət və inkişaf layihələrinin üzərində dayanır. Azərbaycan bu mənada MDB-nin yeni dövründə liderlik və məsuliyyət missiyasını uğurla həyata keçirir. Düşənbə iclası göstərdi ki, Azərbaycan MDB-nin gələcəyinə dəyər və məzmun gətirən ölkədir. Laçın – dirçəlişin, Gəncə – dostluğun, cənab Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın diplomatik gücünün və mənəvi təsirinin bariz təcəssümüdür. MDB-nin bu yeni mərhələsində Azərbaycan təşəbbüskar, qurucu və birləşdirici dövlət kimi regionun sabitliyinə, inteqrasiyasına və mədəni tərəfdaşlığına yön verən aparıcı qüvvədir. Xarici siyasətimizin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafı tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpasından sonra daha aydın şəkildə nəzərə çarpır. Bu mühüm məqam da daim vurğulanır ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəldilir. Ölkəmizin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atması, hər bir sahədə zəngin təcrübəyə malik olması xüsusi vurğulanır. Cənab Prezident İlham Əliyevin oktyabrın 9-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfəri də bu kontekstdə mühümü əhəmiyyət kəsb edir. Səfər çərçivəsində cənab Prezident İlham Əliyevin həm Tacikistan Prezidenti Emoməli Rəhmon, həm də digər MDB ölkələrinin liderləri ilə ikitərəfli görüşləri, regional məsələlərə dair fikir mübadiləsi və gələcək əməkdaşlıq planlarının müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, bu səfər çərçivəsində ən çox diqqət çəkən hadisələrdən biri oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən təkbətək görüşdür. Bu görüş Azərbaycan-Rusiya münasibətlərində yeni bir səhifənin başlanğıcı kimi qiymətləndirilir. Hər iki liderin görüşü konstruktiv atmosferdə keçib və regional məsələlərin, xüsusilə də iqtisadi, təhlükəsizlik və humanitar istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edildiyi bildirilir. Görüş həm ikitərəfli əlaqələrin davamlılığını təmin etmək, həm də son vaxtlarda meydana çıxmış bəzi gərginliklərin aradan qaldırılması baxımından mühüm addım sayılır. Azərbaycan və Rusiya arasında tarixi əlaqələr, sərhədsiz qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşmış münasibətlər regional sabitliyin qorunmasında böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Düşənbə görüşü həm diplomatik, həm də simvolik anlamda əlamətdar hadisədir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aydın Şıxəliyev