Gənc hüquqşünas Səmayə Həbibova müasir Azərbaycanın intellektual potensialını, innovasiya gücünü və qlobal baxışını öz fəaliyyətində birləşdirən nadir şəxsiyyətlərdəndir.
“Qanunla.az” xəbər verir ki, hüquq sahəsində dərin akademik biliyə, eyni zamanda texnologiya və biznes dünyasında real təsir yaradan təcrübəyə malik olan Səmayə xanım, ölkəmizin ilk LegalTech startapı olan E-LEGAL-ın təsisçisi və CEO-su kimi tarixə düşüb.
E-LEGAL qısa müddətdə Azərbaycanda hüquqi xidmətlərin rəqəmsallaşmasında dönüş nöqtəsi oldu. Platforma 200-dən çox hüquqi xidməti vahid onlayn məkanda birləşdirərək on minlərlə (10000+) vətəndaş və biznes subyekti üçün hüquqa çıxışı daha şəffaf, sürətli və əlçatan etdi.
Layihə ASAN Xidmət ilə uzunmüddətli strateji əməkdaşlıq quraraq dövlət–özəl sektor sinerjisinin uğurlu nümunəsinə çevrildi.
E-LEGAL milli və beynəlxalq səviyyədə də tanındı: EBRD, KOBİA, IDDA, Startup Grind, TechCrunch Disrupt, Dublintech, Minsk100 kimi nüfuzlu səhnələrdə Azərbaycanı təmsil etdi və bir sıra mükafatlara layiq görüldü.
2025-ci ildə E-LEGAL uğurlu exit etdi (şirkət satın alındı) — bu, Azərbaycan startap ekosistemi üçün mühüm presedentdir.
Səmayə Həbibova eyni zamanda, Bakı Dövlət Universitetinin hüquq üzrə məzunu və Konstitusiya hüququ üzrə PhD namizədi, Almaniya, Fransa və Böyük Britaniyada təhsil almış, Avropa hüququ və Executive MBA biliklərinə yiyələnmiş, gənc yaşında SOFAZ (Azərbaycan Respublikasının Dövlət Neft Fondu), PASHA Life kimi strateji qurumlarda yüksək məsuliyyətli vəzifələrdə çalışmış və töhvə vermiş peşəkardır.
Xanım hüquqşünas “İlin Gənci”, “İlin Texnologiya Qadını” və digər çoxsaylı mükafatlara nazirliklər tərəfindən layiq görülüb.
Onun fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Səmayə Həbibova EB-1A “Einstein” vizası alaraq ABŞ-da “extraordinary ability” (qeyri-adi istedad) statusu qazanmış ilk azərbaycanlı qadın hüquqşünas-sahibkar kimi də tarixə düşüb.
Hazırda ABŞ-da 13 illik texnologiya şirkəti olan SWIFT Inventionda rəhbər vəzifədə çalışaraq qlobal innovasiya mühitində ölkəmizi təmsil edir. Amerikanın aylıq 1.4 milyard izləyicisi olan MSN, Tech Times və qeyri-kommersiya əsaslı beynəlxalq təşkilat olan Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) onun Azərbaycanlı xanımımızı öz portallarında işıqlandırmışdır.
Səmayə Həbibovanın yolu bir mesaj verir: bilik + cəsarət + sistemli düşüncə = qlobal təsir.
Bu uğur hekayəsi xüsusilə gənclər və qadınlar üçün ilham mənbəyidir. Azərbaycan qadınının elm, texnologiya və sahibkarlıqda nə qədər irəli gedə biləcəyinin canlı sübutudur.





















