Azərbaycanda magistral yollar müasir standartlara cavab verir
Nəqliyyat infrastrukturu hər bir ölkənin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Müasir dövrdə iqtisadi əlaqələrin genişlənməsi, turizmin inkişafı, regionlararası inteqrasiyanın dərinləşməsi magistral yolların keyfiyyətindən və təhlükəsizliyindən birbaşa asılıdır. Məhz buna görə də, Azərbaycan dövləti müstəqillik illərindən etibarən nəqliyyat sektorunun, xüsusilə də avtomobil yollarının inkişafına böyük diqqət yetirir. Son 20 ildə ölkədə həyata keçirilən genişmiqyaslı yol infrastruktur layihələri nəticəsində magistral yollar tamamilə yenidən qurulmuş, beynəlxalq və yerli standartlara cavab verən müasir nəqliyyat şəbəkəsi formalaşdırılmışdır. Bu gün Azərbaycan yolları həm regionda, həm də beynəlxalq səviyyədə nümunə göstəriləcək səviyyədədir. Azərbaycan Respublikasında magistral yolların inşası və yenidən qurulması dövlətin uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Yol İnkşaf Proqramı” çərçivəsində ölkənin bütün bölgələrində avtomobil yolları sistemli şəkildə bərpa olunub. Bu proqramlar nəticəsində yüzlərlə kilometr magistral yol tikilmiş, körpülər, tunellər, yol qovşaqları və keçidlər inşa edilmişdir. Yolların keyfiyyətinə nəzarət beynəlxalq standartlara uyğun şəkildə aparılır və bu, Azərbaycanın beynəlxalq reytinqlərdə yüksək mövqedə qərarlaşmasına səbəb olmuşdur. Azərbaycan magistral yollarının tikintisində və bərpasında müasir texnologiyalar tətbiq olunur. Asfalt-beton örtüklərinin istehsalında iqlim şəraitinə uyğun yeni nəsil materiallardan istifadə edilir, yol nişanları və işıqlandırma sistemləri beynəlxalq təhlükəsizlik standartlarına uyğun qurulur. Azərbaycanın coğrafi mövqeyi ölkəni mühüm nəqliyyat qovşağına çevirir. Bu baxımdan magistral yolların yenilənməsi yalnız daxili deyil, həm də beynəlxalq logistika sisteminin inkişafına xidmət edir. Ən mühüm layihələrdən biri Bakı–Tbilisi–Qars dəhlizi və Şimal–Cənub nəqliyyat dəhlizi ilə əlaqəli magistral yollardır. Bu yollar vasitəsilə Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələrdən birinə çevrilib. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inşa olunan Zəfər Yolu, Füzuli–Şuşa, Laçın, Zəngilan–Cəbrayıl magistral yolları işğaldan azad olunmuş ərazilərin bərpasında mühüm rol oynayır. Bu yollar həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan magistral yolları müasir beynəlxalq standartlara tam cavab verir. İnfrastrukturun yenilənməsi, yol şəbəkəsinin genişlənməsi və təhlükəsizlik səviyyəsinin yüksəlməsi ölkənin ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir. Yeni magistral yollar ölkənin iqtisadi potensialını gücləndirir, regionların bərabər inkişafına şərait yaradır, turizmi, ticarəti və beynəlxalq əlaqələri genişləndirir. Azərbaycanın yol infrastrukturunda əldə etdiyi nailiyyətlər dövlətin uzaqgörən siyasətinin və xalqın rifahına yönəlmiş məqsədyönlü fəaliyyətin nəticəsidir. Beləliklə, “yol inkişafın yoludur” prinsipi əsasında qurulan bu siyasət Azərbaycanın müasir, güclü və dinamik ölkə kimi inkişafına xidmət edir.
Veteran müəllim Vəfadar Niftəliyev

























