Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.
Başa çatmasına sayılı günlər qalan 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda – 2000-dən çox medal qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək edir, turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırıb: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Bildirib ki, Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər”.
Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri





















