Azərbaycanda idman infrastrukturu və təşkilatçılıq təcrübəsi
Son illər Azərbaycan təkcə siyasi və iqtisadi uğurları ilə deyil, həm də beynəlxalq idman məkanında qazandığı mövqelə görə diqqət mərkəzindədir. Ölkəmizdə yüzlərlə idman tədbiri, o cümlədən nüfuzlu beynəlxalq yarışlar uğurla təşkil edilmiş, bu yarışlar Azərbaycanın dünyada etibarlı tərəfdaş və güclü təşkilatçı imicini daha da möhkəmləndirmişdir. Gələn il də bu müsbət tendensiyanın davam edəcəyi, yeni yarışların və idman festivallarının keçiriləcəyi gözlənilir.
Beynəlxalq idman yarışlarının keçirilməsi üçün ilk növbədə güclü infrastruktur və peşəkar təşkilatçılıq tələb olunur. Azərbaycan bu sahədə mühüm irəliləyişlərə nail olub. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə müasir idman kompleksləri, stadionlar, arenalar və idman sarayları inşa edilib. Bu obyektlər yalnız yerli idmançıların deyil, xarici idmançıların və beynəlxalq federasiyaların da yüksək qiymətləndirdiyi məkanlardır.
Keçirilmiş Avropa və dünya çempionatları, beynəlxalq turnirlər, kubok yarışları göstərdi ki, Azərbaycan həm logistika, həm təhlükəsizlik, həm də təşkilati baxımdan yüksək standartlara cavab verir. Bu da ölkəmizin beynəlxalq idman təqvimində etibarlı ünvan kimi tanınmasına səbəb olub.
Ölkəmizdə keçirilən beynəlxalq idman yarışları təkcə idman hadisəsi kimi deyil, eyni zamanda sosial, iqtisadi və mədəni proseslərə təsir edən mühüm amil kimi çıxış edir. Minlərlə xarici qonağın ölkəmizə səfəri turizmin inkişafına təkan verir, hotellər, nəqliyyat və xidmət sektoru canlanır. Bununla yanaşı, Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi və milli dəyərləri dünyaya tanıdılır.
İdman yarışları gənclərin sağlam həyat tərzinə marağını artırır, yeni nəsildə rəqabət ruhunu, vətənpərvərlik hissini gücləndirir. Xarici idmançılarla ünsiyyət isə yerli idmançılar üçün təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi bu siyasətin məntiqi nəticəsidir. Dövlət tərəfindən idman federasiyalarına, idmançılara və infrastruktur layihələrinə göstərilən dəstək Azərbaycanın qısa müddətdə regional idman mərkəzinə çevrilməsinə şərait yaradıb.
Bu yanaşma onu göstərir ki, idman yalnız fiziki fəaliyyət deyil, həm də ölkənin beynəlxalq nüfuzunu artıran, milli birliyi möhkəmləndirən strateji vasitədir.
Mövcud tendensiyalar onu deməyə əsas verir ki, gələn il də Azərbaycanda müxtəlif idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi gözlənilir. Bu yarışlar yeni idman arenalarının təqdimatı, idman turizminin genişlənməsi və ölkəmizin dünya idman xəritəsində mövqeyinin daha da güclənməsi baxımından mühüm rol oynayacaq.
Eyni zamanda, gələcək yarışlar gənc idmançıların üzə çıxmasına, kütləvi idmanın inkişafına və cəmiyyətin idmana olan marağının artmasına töhfə verəcək.
Yüzlərlə yerli və beynəlxalq idman yarışına uğurla ev sahibliyi edən Azərbaycan bu gün idman sahəsində etibarlı və nüfuzlu ölkə kimi tanınır. Gələn il də bu uğurların davam edəcəyi, yeni yarışların və idman layihələrinin həyata keçiriləcəyi gözlənilir. Bütün bunlar göstərir ki, idman Azərbaycanın inkişaf strategiyasında mühüm yer tutur və ölkəmiz bu sahədə gələcəyə inamla addımlayır.
Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri






















