Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir.
Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı “Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir” fikri ölkənin enerji siyasətinin mahiyyətini və uzunmüddətli strateji baxışını aydın şəkildə ifadə edir. Bu yanaşma yalnız texniki yenilənmə deyil, eyni zamanda iqtisadi, ekoloji və geosiyasi hədəflərin vəhdətini əks etdirir. Cənab Prezident qeyd etdi ki, “Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək. Onu da bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır”.
Son illərdə Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar qlobal enerji transformasiyası ilə uzlaşan məqsədlərə xidmət edir. Ənənəvi enerji resursları ilə zəngin olan ölkə paralel şəkildə bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamətə çevirərək balanslaşdırılmış enerji modeli formalaşdırır. Xızı–Abşeron külək enerji zonası bu baxımdan xüsusi əhəmiyyət daşıyır və ölkənin “yaşıl enerji” strategiyasının real nəticələrindən biridir.
Enerji sisteminin müasirləşdirilməsi ilk növbədə infrastrukturun yenilənməsini, istehsal güclərinin artırılmasını və şəbəkələrin dayanıqlığının təmin olunmasını nəzərdə tutur. Rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi, itkilərin azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi bu prosesin əsas komponentləridir. Bu addımlar həm daxili tələbatın etibarlı şəkildə ödənilməsinə, həm də ixrac potensialının genişləndirilməsinə imkan yaradır.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı təkcə yeni enerji obyektinin istifadəyə verilməsi deyil, Azərbaycanın enerji gələcəyinə dair konseptual baxışının təcəssümüdür. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu siyasətin ardıcıl, məqsədyönlü və davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru


























