Azərbaycanda dövlət qadın siyasətinin inkişafı
Müasir dövrdə Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu siyasət ölkədə sosial ədalətin möhkəmləndirilməsinə, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına və onların hüquqlarının etibarlı şəkildə qorunmasına xidmət edir. Azərbaycanda qadın siyasəti bu gün İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və meyarlarla daha da inkişaf etdirilir. Dövlət başçısının həyata keçirdiyi sosial və iqtisadi islahatlar nəticəsində ölkəmiz sürətlə inkişaf edərək regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Bu inkişaf prosesində qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır.
Qadın hüquqlarının qorunması və onların sosial həyatdakı rolunun artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Məhz bu məqsədlə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanun qadın və kişilərin hüquq bərabərliyinin təmin olunmasını, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasını və cəmiyyətin bütün sahələrində bərabər imkanların yaradılmasını nəzərdə tutur.
Eyni zamanda 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun da qadınların hüquqlarının qorunması istiqamətində mühüm addım olmuşdur. Bu qanun ailə daxilində baş verə biləcək zorakılıq halları ilə mübarizə aparmaq, zərərçəkmiş şəxslərin müdafiəsini gücləndirmək və cəmiyyətdə sağlam ailə münasibətlərinin formalaşmasına töhfə vermək məqsədi daşıyır.
Qəbul edilən bu qanunlar və həyata keçirilən dövlət proqramları cəmiyyətdə gender bərabərliyi ideyasının möhkəmlənməsinə və insanların düşüncəsində yeni yanaşmanın formalaşmasına səbəb olmuşdur. Bu siyasət nəticəsində qadınların dövlət idarəçiliyində, iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rolu daha da artmışdır. Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti qadın hüquqlarının qorunmasına, onların sosial və iqtisadi imkanlarının genişləndirilməsinə, həmçinin cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına yönəlmişdir. Bu siyasət ölkəmizin demokratik inkişafının və sosial tərəqqisinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


















