image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar 1990-cı il həm dərin kədər, həm də böyük qürur hissi ilə xatırlanan taleyüklü bir gündür

image-legitimaz-810x90

Azərbaycan xalqının müasir tarixində 20 Yanvar 1990-cı il həm dərin kədər, həm də böyük qürur hissi ilə xatırlanan taleyüklü bir gündür

Bu tarix sovet imperiyasının dağılması ərəfəsində azadlıq və müstəqillik uğrunda ayağa qalxan xalqımıza qarşı törədilmiş amansız qırğının, eyni zamanda milli iradənin sarsılmazlığının simvoludur. 20 Yanvar təkcə faciə deyil, həm də xalqın öz taleyinə sahib çıxmaq əzminin parlaq ifadəsidir.

1980-ci illərin sonlarında SSRİ-də dərin siyasi və iqtisadi böhran hökm sürürdü. Milli respublikalarda azadlıq və müstəqillik ideyaları güclənir, xalqlar öz hüquqlarını tələb edirdilər. Azərbaycanda bu hərəkat xüsusilə Dağlıq Qarabağda baş verən ədalətsizliklər, erməni separatizminin artması və mərkəzi hakimiyyətin laqeyd münasibəti fonunda daha da kəskin xarakter aldı. Xalq meydanlara çıxaraq öz suveren hüquqlarını, ərazi bütövlüyünü və milli ləyaqətini müdafiə edirdi.

Dinc etirazlarla başlayan bu hərəkat sovet rəhbərliyi tərəfindən güc yolu ilə boğulmağa qərar verildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır texnika ilə təchiz olunmuş hərbi hissələri Bakı şəhərinə yeridildi. Fövqəladə vəziyyət elan olunmadan həyata keçirilən bu əməliyyat nəticəsində silahsız mülki əhali – qadınlar, uşaqlar, qocalar gülləbaran edildi. Küçələrdə, evlərin qarşısında, maşınlarda insanlar qətlə yetirildi. Rəsmi məlumatlara görə yüzlərlə insan həlak oldu, minlərlə insan yaralandı. Bu, beynəlxalq hüquq normalarının, insan haqlarının kobud şəkildə pozulması idi və açıq-aşkar dövlət terroru kimi tarixə düşdü.

Sovet rəhbərliyinin məqsədi xalqın azadlıq mübarizəsini boğmaq, insanları qorxu altına salmaq idi. Lakin nəticə tam əksinə oldu. Qanlı Yanvar Azərbaycan xalqını daha da birləşdirdi, müstəqillik ideyasını geri dönməz bir yol etdi. Şəhidlərin dəfn mərasimində yüz minlərlə insanın küçələrə çıxması, xalqın bir yumruq kimi birləşməsi göstərdi ki, bu faciə milli oyanışa çevrilmişdir.

20 Yanvar hadisələrinə ilk açıq və qəti siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək bu qanlı hadisəni SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət kimi qiymətləndirdi. Bu cəsarətli mövqe xalqın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Məhz onun təşəbbüsü ilə sonradan 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Bu gün 20 Yanvar şəhidləri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlar kimi ehtiramla yad edilir. Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir ziyarətgahdır. Hər il minlərlə insan ora gələrək şəhidlərin ruhu qarşısında baş əyir, onların fədakarlığını minnətdarlıqla xatırlayır.

20 Yanvar faciəsi bizə azadlığın və dövlət müstəqilliyinin hansı ağır qurbanlar bahasına əldə edildiyini unutmamağı öyrədir. Bu tarix gənc nəsil üçün həm dərs, həm də vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur, onların amalına sadiq qalaraq müstəqil dövlətçiliyini daha da möhkəmləndirir və azad gələcək yolunda inamla irəliləyir.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki