Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır.
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmadı. 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdi. Bu illər ərzində bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşdü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin çıxarılmasını tələb etsə də, onlar uzun illər icra edilmədi.
Lakin bu dövr ərzində nə Azərbaycan dövləti, nə də xalqı bu vəziyyəti qəbul etdi. Diplomatik müstəvidə apardığı prinsipial siyasət, iqtisadi gücün artırılması və ordunun gücləndirilməsi Azərbaycanın işğalla heç vaxt barışmadığının göstəricisi idi. Ən əsası isə xalqın yaddaşında və ruhunda bu ədalətsizliyə qarşı dəyişməz bir mövqe – “Qarabağ Azərbaycandır!” şüarı daim yaşadı.
Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etmədi, nəticədə peşman oldular.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdi. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir. Daha dəhşətlisi isə Ermənistanın torpaqlarımızda bir milyondan çox mina basdırmasıdır.
Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. İşğaldan azad edilən gündən Azərbaycan o torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır. Laçın, Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər rayonlarımızda yeni şəhərlər, müasir kəndlər salınır. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox vətəndaş ata-baba yurduna dönüb. Bu, həm də ölkəmizin sosial-siyasi sabitliyi və dövlətin vətəndaşına göstərdiyi qayğının təzahürüdür.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru