Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır.
Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Bu həqiqət Prezident cənab İlham Əliyevin çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Prezident cənab İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində xalqa etdiyi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. 44 günlük Vətən müharibəsinin başlamasından artıq beş il ötür. Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk.Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırdı. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Vətən müharibəsi zamanı 3000-ə yaxın hərbçimiz şəhid oldu, 7 nəfər itkin düşdü, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.
Rayon Ağsaqqallar Şurasının səri- Rasim Hüseynov.