image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d1b01303-88d4-45b7-808b-6ec5d985a3c1

AZƏRBAYCAN XALQI 20 YANVAR FACİƏSİNİN ACISINI HEÇ VAXT UNUTMAYACAQ!

image-legitimaz-810x90

AZƏRBAYCAN XALQI 20 YANVAR FACİƏSİNİN ACISINI HEÇ VAXT UNUTMAYACAQ!

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 36 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə – yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir. 20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir.
Həmin hadisələrdən bizi cəmi 36 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib. Şəhidlər Xiyabanını ziyarət edən hər bir şəxsdə, gənclər və məktəblilərdə milli vətənpərvərlik hissi baş qaldırır. Qəhrəman oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər xiyabanı həm də Vətən sevgisinin doğulduğu beşik kimi bizə əzizdir. 20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir. Ən əsası, yüz illər keçsə də, öz qanları ilə tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim yad ediləcəkdir!

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki