1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın həyatına böyük tarixi hadisə kimi daxil oldu
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Bu mübarizə çətin sınaqlarla, tarixin dirənişləri ilə də üzləşib. Gülüstan müqaviləsi ilə ikiyə bölünən Azərbaycanda milli-azadlıq hərəkatı heç zaman səngiməyib. Bu mübarizənin məntiqi nəticəsi olaraq 1918-ci ilin 28 mayında İstiqlal Bəyannaməsi imzalandı, Azərbaycan dövlətçiliyi yenidən tarixin səhifələrinə qayıtdı – Azərbaycan Xalq Cümhuriyyəti quruldu.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin ilk demokratik dövlət təsisatı oldu. Müstəqil, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu təsdiqlədi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir
XX yüzilin əvvəlləri, Cümhuriyyət öncəsi ədəbiyyatın millətə ən çox yaxınlaşdığı dövrdür. Azərbaycan xalqının milli problemləri bu illərdəki qədər heç zaman fundamental şəkildə bədii ədəbiyyatın mövzusuna çevrilməyib. Ədəbiyyat tarixçiliyi, ədəbi tənqid, janrların dinamikası, teatr sənəti kimi ən müxtəlif sahələrdə böyük uğurlar qazanılıb. Təkcə F.Köçərlinin yazılarına diqqət yetirmək kifayət edər. O, təkcə ədəbiyyat tarixi yaratmaqla qalmadı, ədəbiyyata yön verən mütəfəkkirlərdən birinə çevrildi. Bir də onların taleyi ilə yazdıqları arasında hədsiz dərəcədə yaxınlığın olması mühüm məqamlardan sayılmalıdır. Hekayəsi yəni! Bütün bunlar göstərir ki, Cümhuriyyət zəminsiz, təməlsiz yaranmamışdır və onun ən əsas təməli mədəniyyət, ədəbiyyat olmuşdur. M.Ə.Rəsulzadənin1925-ci ildə Türkiyədə çap olunan “İstiqlal məfkurəsi və gənclik” adlı əsərində ədəbiyyatda istiqlal mövzusuna ciddi önəm verilir. Məhəmməd Əmin bəy həmin əsəri Finlandiyada olduğu qısa müddət ərzindəki müşahidələri əsasında yazıb. Orda qeyd olunur ki, fin folklorunda İsveç və rus köləliyinə qarşı saysız-hesabsız xalq nəğmələri var. Bu xalqın təfəkkürünə istiqlal məfkurəsi o qədər yerləşib ki, o heç bir zaman köləliklə barışıq yolunu tutmaz. Məhəmməd Əmin bəy müqayisə də aparır, bizim xalq ədəbiyyatımızda istiqlal mövzusunda əsərlərə daha çox ehtiyac oluduğunu yazır. Həmçinin “Əsrimizin Səyavuşu”nda qeyd edir ki, “Cümhuriyyət xalqın ruhundan, öz istəyindən doğdu”.
Ancaq məlumdur ki, onun yaranması asanlıqla başa gəlməmişdi. Cümhuriyyətin – dövrün mürəkkəb siyasi şərtləri, xarici və daxili düşmənlərin müqaviməti şəraitində hansı çətinliklər bahasına yarandığını Məhəmməd Əmin bəyin o zaman söylədiyi bir fikir daha sərrast ifadə edir: “Ah! Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız sənin adını söyləmək üçün necə məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq”.
Fəaliyyət göstərdiyi qısa vaxt kəsimində Azərbaycanın ərazisi bərpa olundu, güclü və mətin milli ordu yaradıldı, Azərbaycan dili dövlət dili elan edildi, onun milli simvolikası – gerbi, bayrağı, himni müəyyənləşdi. Milli Hökumətin önəmli addımları onun elm, təhsil, mədəniyyət sahəsində daha funksional olmuşdur. Bu bəlkə də onunla əlaqəli idi ki, Milli Hökumətin tərkibində təmsil olunanların böyük əksəriyyəti elm və sənət xadimləri, ziyalılar idilər. Belə ki, 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı, Azərbaycan Dövlət Teatrı, “Teatr xadimləri cəmiyyəti”, “Müsəlman Mühərrir və Ədiblər Cəmiyyəti”, “Yaşıl qələm” ədəbi birliyi açılmışdır. Rəsmi statistikaya görə, Azərbaycanda 1919-cu ildə 700 məktəb açılmış və təxminən 48780 şagird bu məktəblərdə təhsil almışlar.
Əlbəttə, bütün bu xidmətlərin miqyası bizim sadaladığımız faktlardan daha dərin və genişdir. Lakin Cümhuriyyət dövrünun tarixi əhəmiyətli addımı ilk növbədə, xalqın milli şüurunun oyanışına, milli kimliyinin tanınmasına, onun özgürlük meyvəsini dadmasına verdiyi əvəzsiz xidməti ilə ölçülməlidir. Bədnam Sovetlər İmperiyası xalqın bu istiqlal və azadlıq haqqını 1920-ci ilin aprelindən etibarən yetmiş ilə yaxın bir vaxt ərzində əlindən aldısa da zamanın azacıq imkan yaratdığı məqamda xalq öz istiqlalına qovuşdu, Azərbaycan 1991-ci ilin oktyabrında yenidən müstəqilliyini elan etməklə əsrin əvvəllərində qazanmış olduğu hürriyyətin tarixi varisi olduğunu isbatladı.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc