Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığı ildən-ilə, gündən-günə gücləndirirlər.
28 May-Müstəqillik Günündə üç qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistanın birliyi, həmrəyliyi istiqamətində növbəti mühüm addım atıldı. Belə ki, bu tarixdə Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirildi. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın, Türkiyənin və Pakistanın hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olduğunu önə çəkərək 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi. Qeyd edildi ki, Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Xalqlarımızın birliyini bir daha təsdiqlədik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr, proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib”.Daim dünyaya dostluğun, qardaşlığın nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinin tarixi Zəfərimizdən sonra daha da möhkəmləndiyi reallıqdır: “Dostluğumuzu, qardaşlığımızı, müttəfiqliyimizi rəsmiləşdirən sənədin imzalanmasına Qarabağın tacı Şuşa şahidlik etdi. Belə ki, 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə çatdırdı. Bu sənəd yalnız iki dövlətin hərbi sahədə qarşılıqlı öhdəliklərini deyil, həm də siyasi, iqtisadi və mədəni sahələrdə birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı, ardıcıl dəstəklə qardaşlığını nümayiş etdirdi. Müharibənin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” çağırışı dünyaya ciddi mesaj oldu. Qardaş Türkiyə istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərdə geniş miqyas alan bərpa-quruculuq dövründə Azərbaycana dəstəyi ilə diqqətdədir. Bu torpaqlarda qeyd edilən əlamətdar hadisələrdə Azərbaycan-Türkiyə birliyi özünü aydın şəkildə nümayiş etdirir.
Veteran müəllim Vəfadar Niftəliyev