image-1745395401645632055_1200x630

Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkanlar yaradır

Azərbaycan Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşir və bu strateji mövqe ölkəmiz üçün çoxlu imkanlar yaradır.

Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub.  Çin tarixi ipək dəhlizinin yeni platformasının yaradılmasına başlayanda bir çox ölkə bölgədəki mürəkkəb geosiyasi vəziyyətləri nəzərə alaraq bu marşruta qoşulmaqda tərəddüdlər edirdi. Azərbaycan hökuməti isə ilk gündən öz iradəsini nümayiş etdirərək Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirdi. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra bu marşrutda ölkəmizin strateji yeri müəyyənləşdi.

Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

Hazırda Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinin inkişaf hədəflərinə uyğun olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünü 25-30 milyon tona qədər artırmaq istiqamətində aramsız addımlar atmaqdadır. Azərbaycanın Yeni İpək Yolunun ən strateji xətti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı iradəli addımları və təşəbbüskarlığı Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə xüsusi dəstək verir. Birgə Bəyannamədə də qeyd olunduğu kimi “Orta Dəhliz” tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.

Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana, oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Orta Dəhlizin ən işlək və rentabelli seqmenti kimi Zəngəzur qovşağı xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Orta Dəhlizin ən strateji xətlərindən biri kimi Zəngəzur dəhlizinin yaradılması həm də Naxçıvan ilə quru əlaqələrin bərpası və Naxçıvanın Xəzər- Aralıq dənizini birləşdirən körpüyə çevrilməsinə səbəb olacaq.

Azərbaycan bütün iqtisadi və siyasi qurumlarda əməkdaşlıq və həmrəylik, bərabər iştirakçılıq prinsiplərinə sadiqliyini nümayiş etdirir və ŞƏT-ə ümumi əməkdaşlıq platforması kimi baxır. Bu qurumdakı üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməsi isə faktiki olaraq ŞƏT-də fəal tərəfdaş kimi rolunu  artırır. Onu da nəzərə alsaq ki, ŞƏT ölkələrinin hər biri Orta Dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü alyansında birləşib və Azərbaycan da bu qlobal tranzit arteriyasının üzvüdür, bu baxımdan ölkəmizi adıçəkilən təşkilatın iqtisadi ailəsinin üzvü hesab etmək olar.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki