image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-634876569_1460778982068542_1483659497983411202_n

Azərbaycan–Serbiya strateji tərəfdaşlığı: siyasi etimad və enerji əməkdaşlığının yeni mərhələsi

image-legitimaz-810x90

Azərbaycan–Serbiya strateji tərəfdaşlığı: siyasi etimad və enerji əməkdaşlığının yeni mərhələsi

 

Prezident cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin inkişaf dinamikasını və strateji mahiyyətini bir daha nümayiş etdirdi. Bu səfər təkcə diplomatik təmasların davamı deyil, həm də iki ölkə arasında formalaşmış möhkəm siyasi etimadın, qarşılıqlı dəstəyə əsaslanan prinsipial mövqenin və uzunmüddətli əməkdaşlıq perspektivlərinin təsdiqi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, dövlət suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstək prinsipləri üzərində qurulmuşdur. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, iki ölkə arasında təmaslar uzun illərdir davam edir və bu əlaqələr ardıcıl, sistemli xarakter daşıyır. Bu fakt göstərir ki, Bakı ilə Belqrad arasında tərəfdaşlıq təsadüfi deyil, düşünülmüş və strateji baxışa əsaslanan siyasi xəttin nəticəsidir.

Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərliyi ilə ölkəsində həyata keçirilən islahatlar, iqtisadi inkişaf və beynəlxalq nüfuzun artması Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Hər iki dövlət mürəkkəb geosiyasi şəraitdə milli maraqları prioritet hesab edərək müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Beynəlxalq platformalarda qarşılıqlı dəstək, xüsusilə suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe strateji tərəfdaşlığın əsas sütununu təşkil edir. Bu yanaşma iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirir.

Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addım oldu. Bu mexanizm münasibətlərin konkret fəaliyyət planları və yol xəritələri əsasında inkişaf etdiyini göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək üçün açıq-aydın planlar mövcuddur və bu planlar siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahəsində sinerjinin artırılmasını əhatə edir.

Azərbaycanın alternativ və yaşıl enerji istiqamətində həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Gələcəkdə əlavə enerji güclərinin yaradılması planı ölkəmizin beynəlxalq enerji bazarındakı rolunu daha da artıracaq. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm ənənəvi enerji, həm də yaşıl enerji sahəsində qarşılıqlı faydalı model kimi çıxış edir.

Nəqliyyat və logistika istiqamətində əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda mühüm tranzit və enerji qovşağı kimi mövqeyini möhkəmləndirdiyi bir dövrdə, Serbiya Balkan regionunda logistika imkanlarını genişləndirir. Bu qarşılıqlı tamamlayıcılıq daha geniş Avrasiya məkanında yeni əməkdaşlıq konfiqurasiyalarının formalaşmasına zəmin yaradır.

Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi dostluq və həmrəylik mesajları münasibətlərin yalnız praqmatik maraqlara deyil, həm də səmimi tərəfdaşlıq ruhuna əsaslandığını göstərir. “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi iki xalq arasında mövcud olan qarşılıqlı rəğbətin və strateji yaxınlığın simvolik ifadəsidir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki