Azərbaycan Respublikasının Konstitusiyasına referendum vasitəsilə edilmiş dəyişikliklər
Artıq zaman Əsas Qanunumuzun nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləmiş və o, demokratik sənəd kimi özünü doğrultmuşdur. Bu möhkəm bünövrə üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərindən faydalanmış, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanmışdır. Milli Konstitusiyamızın qəbul edilməsindən sonrakı dövr ərzində Milli Məclis tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən bir sıra qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Təşkilatlara üzv qəbul olmuşdur. Baş vermiş bu dəyişikliklərdən, demokratik dəyərlərin inkişafına yönəldilmiş bir sıra islahatlardan irəli gələn hüquqi tənzimləmə öz əksini Konstitusiyada tapmalı idi. Bununla əlaqədar olaraq, Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə dair referendum keçirildi. Xalqın iradəsinin nəticəsi olaraq Konstitusiyada 24 dəyişiklik və əlavə edildi. 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir
Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi. Son illər sürətli və dinamik inkişaf yolu keçən, tarixi nailiyyətlər əldə edən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkiləri çox mühüm tarixi məqamları ilə yadda qaldı.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc





















