Azərbaycan Respublikasının Konstitusiyasına referendum vasitəsilə edilmiş dəyişikliklər
Konstitusiyamız ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni inkişaf istiqamətlərini müəyyən edən, müasir dövlət idarəçiliyinin əsas prinsiplərini özündə ehtiva edən mükəmməl hüquqi sənəddir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) dövlətin qısa ömürlü olması səbəbindən əsas qanunun qəbuluna imkan yaranmamışdı. Respublikamızın ilk Konstitusiyası 1921-ci ilin mayında qəbul edilmiş və sonrakı onilliklərdə SSRİ-nin siyasi sistemi çərçivəsində bir neçə dəfə yenilənmişdir. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyası da sovet ideologiyasına uyğunlaşdırılmışdı və yalnız 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra xalqın iradəsini ifadə edən yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bu mühüm tarixi missiyanın həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifə suveren Azərbaycan dövlətinin hüquqi bünövrəsini yaratmaq idi. Ulu Öndər Heydər Əliyev bu məqsədlə Konstitusiya Komissiyasına rəhbərlik edərək, gələcək inkişafın hüquqi bazasını təmin edən Əsas Qanunun hazırlanmasına şəxsən nəzarət etmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilən Konstitusiya Azərbaycan xalqının müstəqillik iradəsinin, demokratik dövlət quruculuğu əzminin rəmzinə çevrildi. Bu sənədin qüvvəyə minməsi ilə ölkəmizdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsü prinsipləri təsbit olundu, insan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi kimi bəyan edildi. Həmin tarixdən etibarən hər il 12 noyabr – Konstitusiya Günü kimi böyük ehtiramla qeyd olunur.
Yeni Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin əsası oldu. Əsas Qanunumuz dövlətin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağı, vətəndaşların rifahını, sosial ədaləti və qanunların aliliyini təmin etməyi qarşıya məqsəd qoydu. Konstitusiyada təsbit olunan hüquq və azadlıqlar bu gün Azərbaycan cəmiyyətinin inkişaf meyarına çevrilib. Dövlətin insan amilinə yönələn siyasətinin məhz bu hüquqi bünövrə üzərində qurulması ölkəmizin sabitliyini, sosial rifahını və beynəlxalq nüfuzunu möhkəmləndirib. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Onlardan 48 maddə birbaşa insan hüquq və azadlıqlarına həsr olunub. Əsas Qanun bütün vətəndaşların bərabərliyini, etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, onların hüquqlarının müdafiəsini təmin edir. Zamanın tələblərinə uyğun olaraq, Konstitusiyada bir neçə dəfə islahatlar aparılmışdır. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində insan hüquqlarının müdafiəsi, dövlət idarəçiliyi, məhkəmə və bələdiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm dəyişikliklər edilmişdir. Xüsusilə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə idarəetmədə çevikliyin artırılması və yeni təsisatların yaradılması Konstitusiyanın müasir dövrün reallıqlarına uyğunlaşdırılmasına xidmət etmişdir. Bu gün Azərbaycan Konstitusiyası təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq, müstəqillik və ədalət arzularını təcəssüm etdirən mənəvi dəyərdir. Onun prinsipləri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsasını təşkil edir. Dövlət başçısının dediyi kimi: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.
Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova



















