“Azərbaycan Respublikasının Konstitusiyası Günü”
Hər bir millətin tarixi, dövlətçiliyi, ölkənin dövlət kimi formalaşması əsas Qanun olan Konstitusiya ilə bağlıdır. Ölkə, Konstitusiyada qəbul olunmuş qanunlar əsasında idarəçilik prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmışdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq bu yeni Konstitusiya qəbul edildi.
1995-ci il Konstitusiyası Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoymuşdur. Noyabrın 12-si ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd edilir. Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə etmişdir. Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə Konstitusiyamız qəbul edilmişdir. Ölkə Konstitusiyası hər birimizin Ali Qanun kitabıdır, hər birimiz bu kitaba hörmət və ehtiramla yanaşmalı, qanunlarına əməl etməliyik.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal – Fərid Səfərəliyev





















