image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-s3-1536x864

“Azərbaycan Respublikasının Konstitusiyası Günü”

image-legitimaz-810x90

“Azərbaycan Respublikasının Konstitusiyası Günü”

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Heydər Əliyevin həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə təqdim edilmişdi. 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib.

Azərbaycan Respublikası Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri Əsas Qanunda sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir. Prinsip, eyni zamanda, insan hüquqlarının tətbiqi ilə bağlı milli qanunvericilik tənzimlənməsindən kənar qalmış hər hansı məsələyə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin birbaşa tətbiqini qanuniləşdirir.

Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, Əsas Qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bütövlükdə 1995-ci ildə Azərbaycanda demokratik Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin və keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Bu Konstitusiya ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək dövlətimizin və cəmiyyətimizin inkişaf yollarını, xalqımızın iradəsini özündə əks etdirir.

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki