image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-unnamed

Azərbaycan Respublikasında Qadınlarin rolu və mövqeyi

image-legitimaz-810x90

Azərbaycan Respublikasında Qadınlarin rolu və mövqeyi

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu gün sadəcə təqvimdəki bir bayram deyil, bu gün həm də Azərbaycan qadınının cəmiyyətdəki sarsılmaz yerinin, onun zərifliyinin və eyni zamanda qəhrəmanlığının bayramıdır.

​Azərbaycan qadınının yolu şanlı bir tarix yoludur. Bizim tariximiz sadəcə döyüşlərdən deyil, həm də uzaqgörən qadın liderlərin zəkasından yoğrulub. “Kitabi-Dədə Qorqud” dastanındakı cəsur qadın obrazlarından tutmuş, Tomrisin şücaətinə, Möminə Xatunun zəkasına, Sara Xatunun diplomatik məharətinə qədər hər bir səhifədə qadın imzasını görürük. Nigarın, Həcərin, Tutu Bikənin qəhrəmanlığı sübut edir ki, Azərbaycan qadını hər zaman Vətənin müdafiəsində ən ön sırada olub.

​Biz fəxr edirik ki, Azərbaycan qadını Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanan qadındır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza verilən bu hüquq, xalqımızın mütərəqqi və demokratik dəyərlərə nə qədər sadiq olduğunun göstəricisidir.Bizim qadınlarımız hələ Şərq qaranlıq içində ikən azadlıq məşəlini yandıran, 1918-ci ildə ilk dəfə seçib-seçilmək hüququ qazanaraq tarix yazan fədakar şəxsiyyətlərdir.

​Həqiqətən də, Azərbaycan qadını ailəmizin dirəyi, cəmiyyətimizin mənəvi sütunudur. O, sülhün tərəfdarı, şəhid anasının vüqarı, zəfər çalan əsgərin ilk duasıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan qadını öz fədakarlığı, çalışqanlığı və sədaqəti ilə hər cür ehtirama layiqdir.” Bu gün dövlətimizin yürütdüyü qadın siyasəti məhz bu ali dəyərə söykənir.

Müasir dövrdə bu siyasətin möhkəm təməlləri Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər qadın şəxsiyyətinə hər zaman böyük hörmətlə yanaşmış, onların dövlət idarəçiliyində rolunu artırmışdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

​ Azərbaycan dövləti qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiqinə təkan vermişdir.Son illərdə həyata keçirilən islahatlar qadınların dövlət qurumlarında, parlamentdə və bələdiyyələrdə təmsilçiliyini artırmış, onların ictimai-siyasi və elmi-mədəni proseslərdə fəal iştirakını təmin etmişdir. Qadınların məşğulluğunun artırılması və sahibkarlıq imkanlarının genişləndirilməsi dövlətin prioritet istiqamətlərindən biridir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti ölkənin “yumşaq güc” siyasətinin ən parlaq təcəssümüdür. Onun fəaliyyətinin əsas xüsusiyyətləri aşağıdakı kimi qiymətləndirilə bilər:

​ -Mehriban xanım Əliyeva uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Onun hərtərəfli fəaliyyəti, xeyirxahlıq missiyası və mədəniyyətimizin təbliği sahəsində gördüyü işlər Azərbaycan qadınının nüfuzunu beynəlxalq aləmdə daha da yüksəltmişdir. Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi layihələr və tədbirlər ölkəmizə yeni dostlar qazandırır, qitələrarası mədəni əlaqələri gücləndirir. O, xeyirxahlıq və mərhəmət rəmzi olaraq həm ölkə daxilində, həm də xaricdə genişmiqyaslı humanitar layihələrə rəhbərlik edir. Azərbaycan dövləti qadınların potensialından istifadəni ölkənin inkişafının mühüm amili kimi görür və bu proses Mehriban Əliyevanın fəaliyyəti ilə yeni bir mərhələyə yüksəlmişdir.

​Bu gün Azərbaycan qadını həm fədakar ana, həm elmli mütəxəssis, həm də uğurlu rəhbərdir. O, milli-mənəvi dəyərlərimizin qoruyucusu, dilimizin və mədəniyyətimizin ən etibarlı dayağıdır.

 

 

Gülnar Tağıyeva –  Zərdab rayonu, Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki