Bu gün Azərbaycan regionda mühüm geosiyasi aktor olmaqla yanaşı, qlobal səviyyədə də etibarlı, prinsipial və strateji tərəfdaş kimi tanınır
Ulu Öndər Heydər Əliyev Türk dünyasının birliyi və gələcək inkişafı naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmiş, türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Bu strateji xətt bu gün də Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi nəticəsində daha da dərinləşmişdir. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər və artan əməkdaşlıq formatları Türk dünyasının inteqrasiyası istiqamətində mühüm mərhələ təşkil edir. Biz bu prosesin canlı şahidiyik və əminik ki, qarşıdakı illərdə bu qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsində əks olunan müddəalar yalnız cari əməkdaşlıq mexanizmlərini deyil, eyni zamanda keyfiyyətcə daha yüksək səviyyəli strateji tərəfdaşlıq modelini formalaşdırır. İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasında imzalanmış bu sənəd təkcə siyasi deyil, həm də mənəvi və tarixi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin rəsmi hüquqi çərçivəsini müəyyən etməklə, regionda sabitliyin və davamlı inkişafın əsas sütunlarından birinə çevrilmişdir. Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərlik, balans və qarşılıqlı maraqlar prinsiplərinə əsaslanır. Bu siyasət ölkəmizə regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini qazandırmışdır. Xüsusilə, Cənubi Qafqaz regionunda əməkdaşlıq və inkişaf imkanlarının genişlənməsi artıq beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan bu prosesi təkcə təşviq etmir, həm də onun fəal iştirakçısı və təşəbbüskarı kimi çıxış edir. Dövlətimizin strateji baxışları təkcə regionla məhdudlaşmır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xəzər hövzəsindən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən enerji təchizatı layihələri ölkəmizi Avropa üçün strateji enerji tərəfdaşına çevirmişdir. Bununla yanaşı, Azərbaycan qlobal miqyasda irəli sürülən təşəbbüslərə, o cümlədən Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə də fəal dəstək verir. Bu təşəbbüslər Azərbaycanın nəqliyyat, loqistika və kommunikasiya sahəsində mühüm qlobal qovşağa çevrilməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycanın mötəbər beynəlxalq maliyyə institutları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən yaradılmış Asiya İnfrastruktur və İnvestisiya Bankı ilə geniş əməkdaşlığı ölkəmizin etibarlı iqtisadi tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən enerji, nəqliyyat, loqistika və kommunikasiya layihələri regional inteqrasiyanı qaçılmaz edir və qarşılıqlı asılılıq üzərində qurulmuş davamlı sabitliyin bünövrəsini möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi dövlətimizin sülh, əməkdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan siyasətinin bariz ifadəsidir. Bu yanaşma regional qarşıdurmaların deyil, dayanıqlı və inklüziv əməkdaşlıq mühitinin qurulmasına xidmət edir.
Bu gün Azərbaycan regionda mühüm geosiyasi aktor olmaqla yanaşı, qlobal səviyyədə də etibarlı, prinsipial və strateji tərəfdaş kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır, siyasi çəkisi və diplomatik fəallığı regional və qlobal sabitliyin təminində həlledici rol oynayır. Bu isə Azərbaycan diplomatiyasının uğurla həyata keçirdiyi balanslı, uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsidir.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru