Azərbaycan qadını – tarixdən müasir dövrə qədər güc və fədakarlıq simvolu
Azərbaycan qadını tarix boyu xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, dövlətçilik ənənələrinin yaşadılmasında və cəmiyyətin inkişafında mühüm rol oynamışdır. Qədim dövrlərdən bu günə qədər qadınlarımız həm ailədə, həm də ictimai həyatda böyük fədakarlıq göstərmiş, Vətənə sədaqət və vətənpərvərlik nümunəsi olmuşlar.
Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan Kitabi-Dədə Qorqud dastanında qadınların cəsarəti, müdrikliyi və döyüş meydanında göstərdikləri igidlik xüsusi vurğulanır. Tariximizdə mühüm rol oynamış Tomris, Möminə Xatun və Sara Xatun kimi qadın liderlər dövlətçilik və diplomatiya sahəsində böyük nüfuz qazanmışlar. Eyni zamanda xalq qəhrəmanları olan Nigar, Həcər və Tutu Bikə kimi qadın obrazları xalqımızın mübarizlik ruhunun rəmzinə çevrilmişdir.
Azərbaycan qadınlarının tarixində mühüm hadisələrdən biri də onların seçib-seçilmək hüququ əldə etməsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə qadınlara seçki hüququ verilmiş və bununla da Azərbaycan Şərqdə qadınlara bu hüququ verən ilk ölkələrdən biri olmuşdur. Bu addım qadınların ictimai-siyasi həyatda daha fəal iştirak etməsinə geniş imkan yaratmışdır.
XX əsrin sonlarında ölkəmizdə qadın siyasətinin inkişafında böyük rol oynamış şəxsiyyətlərdən biri Heydər Əliyev olmuşdur. Ümummilli lider qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını dəstəkləmiş, onların dövlət idarəçiliyində və ictimai həyatda rolunun artmasına xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Bu siyasət bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə qadınların hüquqlarının qorunması, onların sosial-iqtisadi imkanlarının genişləndirilməsi və ictimai fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul olunması qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar olmuşdur.
Bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyində, parlamentdə, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə və idmanda fəal iştirak edirlər. Statistik göstəricilərə görə, ölkə əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir və onların ictimai-siyasi həyatda iştirakı ildən-ilə artır. Qadın deputatların sayı da artaraq ölkənin qanunvericilik fəaliyyətində qadınların rolunun gücləndiyini göstərir.
Bundan əlavə, qadınların sosial və iqtisadi imkanlarının genişləndirilməsi üçün müxtəlif dövlət proqramları və layihələr həyata keçirilir. Bu layihələrdən biri də gənc qızların və qadınların liderlik və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş “Güclü Cəmiyyətin Zərif Simaları” təşəbbüsüdür.
Azərbaycan qadını tarix boyu milli dəyərlərin qoruyucusu, ailənin dayağı və cəmiyyətin inkişafına töhfə verən güclü şəxsiyyət kimi tanınmışdır. Bu gün də qadınlarımız öz bilikləri, zəhmətləri və vətənpərvərlikləri ilə Azərbaycanın tərəqqisinə mühüm töhfələr verməyə davam edirlər.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


















