Azərbaycan qadını tarix boyu xalqımızın mənəvi dayağı, cəmiyyətimizin inkişafında aparıcı qüvvələrdən biri olmuşdur. Onun fəaliyyəti yalnız ailə mühitində deyil, dövlət quruculuğu, elm, təhsil, mədəniyyət və ictimai həyatın bütün sahələrində özünü göstərmişdir. Bu baxımdan Azərbaycan qadınının xüsusilə təhsil sahəsindəki rolu və sosial fəallığı ölkənin inkişaf tarixində mühüm yer tutur. Qadınların maariflənməsi və cəmiyyət həyatında fəal iştirakı milli tərəqqinin əsas şərtlərindən biri kimi qiymətləndirilir. Bu gün Azərbaycan qadını həm ana, həm müəllim, həm ziyalı, həm də fəal vətəndaş kimi cəmiyyətin inkişafına böyük töhfələr verir.
Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər saldıqda qadınların yüksək iradə, müdriklik və vətənpərvərlik nümunələri ilə seçildiyini görürük. Xalqımızın qədim ədəbi abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazlarının igidliyi və mübarizliyi xüsusi vurğulanır. Möminə Xatun, Sara Xatun, Tomris, Nüşabə kimi tarixi şəxsiyyətlər Azərbaycan qadınının dövlətçilik, liderlik və müdriklik keyfiyyətlərini təcəssüm etdirən parlaq nümunələrdir. Bu ənənə sonrakı dövrlərdə də davam etmiş, qadınlar ictimai həyatın müxtəlif sahələrində fəal mövqe tutmuşlar.
Azərbaycan qadınlarının tarixində mühüm mərhələlərdən biri də onların hüquqlarının təmin olunması və cəmiyyət həyatında iştirak imkanlarının genişləndirilməsi ilə bağlıdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququnun verilməsi qadınların ictimai-siyasi həyatda fəal iştirakına geniş imkan yaratmışdır. Bu fakt Azərbaycan cəmiyyətində qadınların yüksək statusunun və onların potensialına verilən dəyərin göstəricisidir. Həmin dövrdən başlayaraq qadınlar dövlət idarəçiliyində, ictimai təşkilatlarda, elmi və mədəni sahələrdə fəal rol oynamağa başlamışdır.
Müasir dövrdə də Azərbaycan qadınlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə qadın siyasətinin möhkəm hüquqi və institusional əsasları yaradılmış, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar təmin edilmişdir. Bu siyasət nəticəsində qadınların dövlət idarəçiliyində, elm və təhsildə, sosial və iqtisadi sahələrdə rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və qadınların sosial fəallığının artırılması istiqamətində ardıcıl şəkildə davam etdirilir.
Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınların bərabər hüquqlara malik olması açıq şəkildə təsbit edilmişdir. Gender bərabərliyinin təmin edilməsi istiqamətində qəbul edilmiş qanunlar və dövlət proqramları qadınların sosial, iqtisadi və siyasi həyatda iştirak imkanlarını daha da genişləndirmişdir.
Təhsil sahəsi Azərbaycan qadınlarının özlərini ən parlaq şəkildə göstərdikləri istiqamətlərdən biridir. Bu gün ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. Onlar yalnız bilik verən pedaqoq kimi deyil, həm də gənc nəslin formalaşmasında mühüm rol oynayan tərbiyəçi və mənəvi dəyərlərin daşıyıcısı kimi fəaliyyət göstərirlər. Qadın müəllimlərin zəhməti nəticəsində cəmiyyətimizə savadlı, vətənpərvər və məsuliyyətli gənclər yetişir. Təhsil sahəsində çalışan qadınlar ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayaraq gələcək nəsillərin inkişafına töhfə verirlər.
Azərbaycan qadını yalnız təhsil sahəsində deyil, ictimai həyatın bütün istiqamətlərində fəal mövqe nümayiş etdirir. Onlar dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında, elmi müəssisələrdə, biznes və sahibkarlıq sahələrində uğurla fəaliyyət göstərirlər. Statistik göstəricilər də bunu təsdiq edir: ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar əmək bazarında, dövlət qulluğunda və ictimai həyatın digər sahələrində mühüm paya malikdirlər. Bu isə qadınların cəmiyyət həyatında artan rolunun və onların sosial fəallığının göstəricisidir.
Son illərdə regionlarda qadınların sosial fəallığının artırılması istiqamətində həyata keçirilən layihələr də bu prosesə mühüm töhfə verir. Gənc qızların liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların təhsil və rəqəmsal savadlılıq səviyyəsinin artırılması, ictimai həyatda daha fəal iştirak etmələrinin təşviq olunması bu sahədə aparılan siyasətin əsas istiqamətlərindən biridir. Belə təşəbbüslər qadınların cəmiyyətin inkişafında daha fəal rol oynamasına və onların potensialının tam reallaşmasına şərait yaradır.
Azərbaycan qadınının cəmiyyətimizdə qazandığı yüksək mövqe onun zəhmətinin, fədakarlığının və müdrikliyinin nəticəsidir. Qadınlar ailədə ana, cəmiyyətdə isə müəllim, alim, rəhbər və fəal vətəndaş kimi çıxış edərək ölkəmizin inkişafına böyük töhfələr verirlər. Onların fəaliyyəti milli dəyərlərin qorunmasına, gənc nəslin sağlam mənəvi ruhda yetişməsinə və dövlətimizin gələcək inkişafına xidmət edir.
Bu gün Azərbaycan qadını öz zəhməti, biliyi və yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətimizin tərəqqisinə xidmət edən mühüm qüvvədir. Onun təhsildəki fəaliyyəti və sosial həyatda göstərdiyi fəallıq ölkəmizin inkişafının mühüm sütunlarından biridir. Məhz bu səbəbdən Azərbaycan qadınının rolu yalnız bu gün üçün deyil, gələcək nəsillərin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Təhsilin inkişafında və cəmiyyətin formalaşmasında qadınların rolu nə qədər güclü olarsa, ölkənin gələcəyi də bir o qədər möhkəm və işıqlı olar.
Dərya Əhmədova
Şıxbağı kənd tam orta məktəbinin direktoru























