image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20251115-wa0000

Azərbaycan–Özbəkistan əlaqələrinin artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilib

image-legitimaz-810x90

Azərbaycan–Özbəkistan əlaqələrinin artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilib.

Azərbaycan–Özbəkistan münasibətlərinin 30 illik tarixini və xüsusilə də iki qardaş ölkə arasındakı əlaqələrin bu günkü səviyyəsini sadəcə diplomatik çərçivədə qiymətləndirmək mümkün deyil. Bu münasibətləri düzgün dəyərləndirmək üçün xalqlarımızı birləşdirən ortaq etnik köklər, dərin mənəvi dəyərlər, tarix və mədəniyyət nəzərə alınmalıdır. Məhz bütün bu amillər səbəbdən ölkələrimiz arasında əlaqələr müttəfiqlik səviyyəsinə çatıb. Özbəkistanın UzA Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələ barədə danışarkən xüsusi olaraq belə bir məqamı da qeyd etdi ki, ölkələrimiz arasında münasibətlərin ən ali səviyyəyə yüksəlməsini təmin edən mühüm amillərdən biri də liderlər arasındakı şəxsi etimaddır. Bu, siyasi kursun davamlılığını təmin edən mühüm amildir və təsadüfi deyil ki, son bir il yarımda Özbəkistan Prezidentinin Azərbaycana beş dəfə səfər etməsi məhz bu şəxsi dostluğun və qarşılıqlı hörmətin təzahürüdür. Dövlət başçısının vurğuladığı kimi, imzalanmış sənədlər, o cümlədən Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və 2025–2029-cu illəri əhatə edən “Yol Xəritəsi” və digərləri əlaqələrin sistemli və uzunmüddətli inkişaf strategiyasını formalaşdırır.
Azərbaycan–Özbəkistan əlaqələrinin artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Öz müsahibəsində dövlətimizin başçısı Azərbaycan–Özbəkistan əməkdaşlığının bütün istiqamətlər üzrə davamlı yüksəlişdə olduğunu göstərir. Regional proseslər fonunda Mərkəzi Asiya ölkələri ilə artan siyasi dialoq, sıx qarşılıqlı səfərlər və Orta Dəhlizin strateji əhəmiyyəti Azərbaycan üçün yeni imkanlar açır. Cənab Prezident iqtisadi sahədə ticarət dövriyyəsinin rekord səviyyədə artmasını, həyata keçirilən irimiqyaslı investisiya layihələrini əlaqələrin real iqtisadi təmələ söykəndiyini sübut edən amillər kimi təqdim edir. Nəqliyyat və logistika sahəsində Azərbaycanın müasir limanlar, genişlənən ticarət donanması və beynəlxalq hava limanları ilə bölgədə əsas tranzit mərkəzinə çevrilməsi, energetika sahəsində isə yaşıl enerji üzrə üçtərəfli əməkdaşlıq yeni perspektivlər yaradır. Humanitar və mədəni sahələrdə keçirilən qarşılıqlı günlər, qardaşlaşmış şəhərlər, media forumları, eləcə də U-20 dünya çempionatının birgə təşkili xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan–Özbəkistan əlaqələri artıq regional koordinasiya mexanizmlərindən birinə çevrilib və bu model gələcək onilliklər üçün sarsılmaz strateji təməllərə malikdir.
Müsahibədə Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub. Bildirlib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Həmçinin qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Son bir il yarım ərzində beş qarşılıqlı dövlət səfəri və onlarla mühüm sənədin imzalanması göstərir ki, ölkələrimizin əməkdaşlığı strateji tərəfdaşlıq çərçivəsində davamlı olaraq inkişaf edir. Ali Dövlətlərarası Şuranın fəaliyyəti isə bu münasibətlərin dayanıqlı və planlı şəkildə güclənməsinə xüsusi töhfə verir. Əməkdaşlığın iqtisadi, nəqliyyat, enerji və mədəni-humanitar sahələrdə uğurları da diqqətəlayiqdir. İqtisadi-ticari əlaqələr sürətlə genişlənir, sərmayə qoyuluşları artır, Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi yüksəlir. Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı ölkəmizin regionda strateji rolunu möhkəmləndirir. Eyni zamanda mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. İdman, media və qeyri-hökumət təşkilatları sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan qardaşlığını həm simvolik, həm də real səviyyədə möhkəmləndirir.
Cənab Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsi təkcə iki dövlətin münasibətlərinə dair açıqlama deyil, bölgənin yeni güc xəritəsinin siyasi şifrəsi kimi qiymətləndirilməlidir. Qardaşlıqdan qaynaqlanan etimad, liderlərin şəxsi harmoniyası, logistik və enerji müstəvisində strateji əməkdaşlıq, Türk Dövlətləri Təşkilatında ortaq hədəflər – bütün bunlar Azərbaycan–Özbəkistan münasibətlərini regionun aparıcı tərəfdaşlıq modelinə çevirir. Müsahibənin özündə də vurğulandığı kimi: “Biz birliyimizi və əməkdaşlığımızı gələcək nəsillər üçün daha da möhkəmləndirəcəyik.” Bu sözlər təkcə bugünün yox, gələcəyin siyasi xəritəsinə yazılmış strateji bəyanatdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki