Azərbaycan öz məqsədlərinə doğru irəliləyir
Torpaqlarımızın düşmən tapdağından azad olunması istiqamətində ilk döyüşlərin getdiyi, düşmənin qurduğu istehkam və mövqelərin güclü olduğu ərazilərdən idi Cəbrayıl. 2016-cı il Aprel döyüşlərini unutmayan düşmən burada daha yaxşı möhkəmlənmişdi.
Cəbrayılın azad olunması uğrunda da canından belə keçməyə hazır olan oğullar az deyildi. Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən orden və medallar sırasında “Cəbrayılın azad olunmasına görə” medalı da xüsusi yer tuturdu. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz də mükafatlandırıldı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 24-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən 12523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olundu.
Bu tarixə qədər hər il avqustun 23-nü Cəbrayılın işğalı günü, indi isə oktyabrın 4-nü Cəbrayılın işğaldan azad olunması günü kimi qeyd edirik: “Çox möhtəşəm hisslərdir, böyük uğurdur. Son 250-300 ildə ilk dəfə itirilmiş torpaqlarımızı azad etdik. Azərbaycan xalqı möhtəşəm qələbəsini təmin edərək yeni mərhələyə daxil oldu. Həmin günlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.
Ermənilər 30 ilə yaxın müddətdə işğalda saxladıqları bu əraziləri vəhşicəsinə dağıdıblar: “Amma biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilər qısa müddətdə bərpa ediləcək. İşğaldan azad olunan torpaqlarımızda artıq böyük quruculuq işlərinə başlanılıb. Cəbrayılda bir sıra yeni müəssisələrin – məktəb, xəstəxana, sənaye parkının əsası qoyulub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan öz məqsədlərinə doğru irəliləyir”.
Ermənilər bu illər ərzində rayonu barbarcasına dağıdıb, evləri, məscidləri, bütün infrastrukturu məhv edib. Hətta zəfərdən sonra öz evlərini tapa bilməyən Ceyhun Məmmədov vurğulayır ki, birlikdə o torpaqları qısa müddətdə ən yüksək səviyyədə təmir və bərpa edəcəyik: “Bu gün qarşımızda ciddi vəzifələr durur. Qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Biz əminik ki, bu uğurlara mütləq nail olacağıq və xalqımız hər zaman bu istiqamətdə səylərini davam etdirəcək. Bu gün cəbrayıllılar da ölkə rəhbəri, ordumuz ətrafında sıx birləşərək öz məqsədlərinə doğru irəliləyirlər və əminik ki, qarşımızdakı vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc