Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələridir. Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Belə ki, milli hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu addımın əhəmiyyətini təsdiq edən ən önəmli tarixi fakt budur ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. 2023-cü ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Şanlı Ordumuz Qarabağda erməni separatizminin kökünü birdəfəlik kəsdi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, müasir təchizatına görə ən güclü ordular sırasında durduğunu bir daha təsdiq etdi. Bütün dünya bir daha gördü ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Qarabağ məsələsini Müzəffər Ordumuz, qətiyyətli Ali Baş Komandanımız çox yüksək səviyyədə və uğurla həll etdi. Qarabağ tam olaraq Müzəffər Azərbaycan Ordusunun nəzarətindədir! Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür. Müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağı yenidən quracağıq. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev