Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ
Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edərkən Ulu Öndərin birinci hakimiyyət dövründə görülən işləri xüsusi qeyd etməliyik. Milli ordu quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürürdü. Sovet dövründə Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub. Bunun nəticəsi idi ki, sovet illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi vaxtlar hərbi xidmətə münasibətdə yeni bir baxış formalaşdırıldı, bu istiqamətdə əməli-təşkilati işlərə vüsət verildi. Əgər Heydər Əliyevə qədər Azərbaycan gənclərinin hərbi xidmətə cəlb edilməsinə onların ikiillik hərbi mükəlləfiyyəti, hansısa bir hərbi hissədə ikiillik müddətin başa vurulması sınağı kimi baxılırdısa, Ulu Öndər respublikaya rəhbərlik etdiyi illərdə bu baxışları dəyişməyə müvəffəq oldu və bunu bir ümumxalq vəzifəsi kimi aktuallaşdırdı. Nəhayət, sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyəti, bu böyük dühanın öz xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Ulu Öndər Heydər Əliyevin mübarizliyinin, fədaklarlığının təntənəsi idi.
Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi. Başqa istiqamətlərdə olduğu kimi, hərbi təhsil sahəsində də uğurlu islahatlar həyata keçirildi. Atılan inamlı addımlar, göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı.
Bu gün Ümummilli Liderimizin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident cənab İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Əminliklə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin siyasi irsinə sonsuz sədaqət göstərərək ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında daim misilsiz töhfələr verəcəkdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova