Yeni geosiyasi reallıqlar fonunda dəyişən beynəlxalq düzəndə Azərbaycanın xarici siyasət prioritetləri qlobal oyunçularla yanaşı, regional güc mərkəzləri ilə də möhkəm əməkdaşlıq zərurətini ortaya qoyur. Bu baxımdan, Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənməyib, həm də yeni çağırışlar kontekstində strateji tərəfdaşlığa çevrilib. Xatırladaq ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Cənab Prezident İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra bu münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu dövr ərzində Azərbaycan liderinin bu ölkəyə 5 səfəri baş tutub. Mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Budapeştə işgüzar səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir baxımından böyük əhəmiyyətə malik siyasi hadisədir. Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli danışəqlar gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Müsbət haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycanla Macarıstan arasında mövcud olan əməkdaşlığın müxtəlif istiqamətləri və son illərdə imzalanan mühüm sənədlər bu əlaqələrə təsirsiz ötüşməyib. Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanla “xüsusi münasibətlər” nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. İlk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub. Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar ictimai şüurda və siyasi aləmdə belə bir əminlik yaradır ki, hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Macarıstan münasibətlərinin çox güclü bünövrəsi qurulub və strateji müttəfiqliyin genişlənməsi və daha vüsətlə inkişaf etdirilməsi üçün möhkəm zəmin mövcuddur.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Kənan İslamov