Azərbaycan lideri ölkəmizin müharibə apararaq, Ermənistanın 30 illik işğalına son qoyduğunu xatırlatdı.
Avropanın müxtəlif institutları, o cümlədən ayrı-ayrı media orqanları Azərbaycanı, az qala, işğalçı kimi qələmə verirdilər. Elə təəssürat yaranırdı ki, sanki Ermənistan təcavüzə məruz qalan ölkədir. Bu sayaq yarıtmaz təqdimatlar havadan götürülməmiş, ermənipərəst mahiyyət daşıyan informasiya kirliliyi idarəolunan prosesə çevrilmişdi. Ortaya düşən “sülh göyərçinləri”nin məqsədi isə müharibəyə son qoymaq yox, onu daha qızğın müstəviyə çıxarmaq idi.
Rusiya – Ukrayna müharibəsinin hazırda aşkar olan mahiyyəti gündəmdə idi. Yəni, böyük ölçüdə Qərb Ermənistana dəstəyi Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması kontekstində görür, Azərbaycan hakimiyyətini ruspərəst qiyafəsində göstərərək reallığı təhrif edir, əsl həqiqətləri arxa plana atmağa, qlobal planlarını pərdələməyə səy göstərirdi. Yeri gəlmişkən, oxşar mənfi meyil 44 günlük müharibədən sonra da nəzərə çarpmışdı.
Lakin savaş günlərində Prezident İlham Əliyevin dünyanın media orqanlarına çoxsaylı müsahibələri, eləcə də ölkəmizdəki xalq-iqtidar vəhdəti dezinformasiya təmayüllərini və Azərbaycan cəmiyyətində nifaq yaratmaq cəhdlərini puça çıxardı. Müvafiq olaraq, ölkəmizin beynəlxalq miqyasdakı mənfi təqdimatının qarşısı alındı. Nəticədə müharibədə qalib gəlmək üçün Azərbaycana cəmi 44 gün yetdi.
Ancaq Ukraynada müharibə 3 ildən artıqdır davam edir və mövcud müstəvidə Aİ, ümumən kollektiv Qərb öz istəklərinə, müəyyən mənada, çatmağı bacarıb. Hər halda, Rusiyanın durumu qənaətbəxş sayıla bilməz. Tam əminliklə deyə bilərik ki, Azərbaycan 44 günlük müharibədəki qüdrəti və qətiyyəti ilə Cənubi Qafqazda Rusiya–Ukrayna müharibəsinin ssenarisinə oxşar “ssenarinin” gerçəkləşdirilməsinin qarşısını kəsdi. Dövlətimizin başçısının vurğuladığı ilk məqam, verdiyi mesajlardan biri məhz budur.
Prezident İlham Əliyev Macarıstanda 44 günlük müharibənin beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsi əsasında aparıldığını vurğuladı. “BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik”, – deyən ölkəmizin liderinin Azərbaycanın müharibəni də düzgün aparması üzərində dayanmasında da bəlli mesaj payı var. Təxminən belə: qondardığınız bütün çətinliklərə və etdiyiniz təzyiq cəhdlərinə baxmayaraq, bizə heç bir maneə yarada bilmədiniz və istəyimizə çatdıq.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru