image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-resize

Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir

image-legitimaz-810x90

Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir.

20 oktyabr 2020-ci il – Zəngilan şəhərinin işğaldan azad olunduğu tarixdir. 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur.

Tarixin müxtəlif dövrlərində, xüsusilə XIX əsrin əvvəllərində aparılmış ədalətsiz bölgülər nəticəsində  torpaqlarımız  özgə əllərə keçdi. Həm torpaqlarımızın qanunsuz bölüşdürülməsinin, həm də qanunsuz köçürülmə obyektinə çevrilməsinin acı nəticələrini uzun illər yaşamalı olduq.

XX əsrin sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonlarımızdan biri də Zəngilan rayonudur. Rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.

İşğal zamanı digər ərazilərimiz kimi Zəngilanın da tarixi və dini memarlıq abidələri erməni vandalizminə məruz qalmış, yandırılmış və dağıdılmışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı.

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.

Zəngilanın işğaldan azad edilməsi yeni logistik layihələrin icrası və Zəngilanda olan günəş enerjisi potensialından istifadə edilməsi üçün şərait yaratmış oldu.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Hazırda cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Şərqi Zəngəzurun ən mühüm coğrafi mərkəzlərindən biri olan Zəngilanın yenidən qurulması və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilməkdədir. Zəngilanın yenidən dirçəlişi və bu torpaqlarda həyata keçirilən bütün bərpa-quruculuq işləri birbaşa Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin nəticəsidir. Cənab Prezidentin Zəngilana mütəmadi səfərləri, şəxsən təməlqoyma mərasimlərində iştirakı və bölgənin sosial-iqtisadi inkişafına xüsusi diqqəti bu qədim diyarın taleyində yeni bir səhifə açmışdır. Dövlət başçısının Zəngilanı “Böyük Qayıdış”ın rəmzinə çevirməsi, xalqımıza qayğı və diqqətinin təzahürü olaraq tarixə qızıl hərflərlə yazılmışdır. Zəngilanın bugünkü inkişafı xalqın Prezidentinə olan dərin etimad və minnətdarlığının təbii ifadəsidir.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki