image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8871c019-3f12-4384-917f-db0a93989a72

AZƏRBAYCAN İLƏ QAZAXISTAN ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

AZƏRBAYCAN İLƏ QAZAXISTAN ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Azərbaycan və Qazaxıstan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan, türk dünyasının iki aparıcı dövlətidir. Hər iki ölkə xalqları arasında qardaşlıq münasibətləri dərin köklərə əsaslanır. Bu baxımdan, Azərbaycan və Qazaxıstan Prezidentlərinin qarşılıqlı səfərləri sadəcə diplomatik və siyasi görüşlər deyil, eyni zamanda qardaşlıq və mənəvi yaxınlığın təntənəsi kimi dəyərləndirilir. Bu səfərlər iki ölkə arasında tarixi dostluğun, sarsılmaz etimadın və qarşılıqlı dəstəyin bariz göstəricisidir. Dövlət başçılarının bir-birinə olan səmimi münasibəti, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfə, türk həmrəyliyinin daha da güclənməsinə şərait yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Bütün sahələrdə olduğu kimi iqtisadi-ticari əlaqələrdə də iki dövlət arasında münasibətlər sıx şəkildə inkişaf etməkdədir. Son bir neçə ildə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli ticarətdə böyük artım müşahidə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi 547,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən üç dəfə çoxdur. Azərbaycan bu dövrdə 570,4 min ton (121,5 milyon dollar) buğda,  38,2 milyon dollarlıq neft və neft məhsulları ixrac edib. Eyni zamanda, hər iki ölkənin sahibkarları arasında da fəal biznes əlaqələri qurulub. Qazaxıstanda Azərbaycan kapitallı 1500-ə yaxın şirkət, Azərbaycanda isə 150-yə yaxın Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. Bu, onların bir-birinin bazarlarında iqtisadi iştirakını genişləndirmək üzrə qarşılıqlı marağı əks etdirir. Azərbaycanla Qazaxstanın investisiya yatırımları da hər il genişlənməkdədir. Belə ki, 2005-ci ildən 2025-ci ilin birinci rübünə qədər Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyaları 424,6 milyon dollar, o cümlədən bu ilin ilk üç ayında 3,8 milyon dollar təşkil edib. Qazaxıstan isə öz növbəsində, həmin dövrdə Azərbaycana 156 milyon dollar, o cümlədən 2024-cü ildə 32,6 milyon dollar investisiya yatırıb. Qazaxıstan bu gün Azərbaycandan keçən loqistika və nəqliyyat məkanlarından da geniş istifadə edir. Xüsusilə tranzit və ixrac axınları, xüsusən də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca sürət qazanmağa davam edir. 2025-ci ilin ilk yeddi ayında bu dəhlizlə 2,6 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə  iki faiz artım deməkdir.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, qarşılıqlı etimad, siyasi, iqtisadi, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq əsasında qurulur və inkişaf edir.

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki