image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17478159591562113838_1200x630

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

image-legitimaz-810x90

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Ölkələr arasında ali səviyyədə dialoq mövcuddur. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir. Rəsmi Bakı və Budapeşt arasındakı tərəfdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, humanitar, mədəni və enerji sahələrində qarşılıqlı faydalı əsaslarla zənginləşməkdədir.

Diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bu günə qədər Azərbaycan və Macarıstan əlaqələri ardıcıl olaraq inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə dəyişən dünya nizamının yaratdığı geosiyasi reallıqlara uyğun olaraq Avrasiya regionunda sabitlik və tərəqqi naminə çoxtəbəqəli siyasi mühit formalaşdırır. Təbii ki, ikitərəfli əlaqələrin dərinləşməsində liderlər səviyyəsində qarşılıqlı etimad mühüm rol oynayır.

Prezident cənab İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri və Baş nazir Viktor Orbanla isti və səmimi münasibəti dövlətlərarası dialoqun dinamik və konstruktiv ruhda inkişaf etməsinə zəmin yaradıb. Məhz bu səbəbdən rəsmi Budapeşt Avropa İttifaqı kontekstində bir çox hallarda ölkəmiz əleyhinə irəli sürülən qərəzli və qeyri-obyektiv qərarlara qarşı çıxaraq haqlı mövqeyimizi müdafiə edib.

Bununla yanaşı, Macarıstan Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin əhəmiyyətini hər zaman vurğulayır və bu əməkdaşlığı özünün enerji strategiyasının əsas komponentlərindən biri hesab edir. Eyni zamanda, Azərbaycan qazının Macarıstana ixracına başlanılması və Azərbaycanın, Macarıstanın, Rumıniyanın, Gürcüstanın iştirakı ilə “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətlərin praktiki nəticələrini nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycan və Macarıstan arasında formalaşan diplomatik münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq siyasi-iqtisadi maraqlara əsaslanaraq uğurla inkişaf edir, regionda sülhün və sabitliyin bərqərar olmasına öz müsbət töhfəsini verir.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki