Azərbaycan əsgərinin vətənpərvərlik ruhu
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir. Bu gün gənclərimizin vətənpərvərlik hissi arzuolunan səviyyədədir. Ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib. 30 ildən artıq müddətdə nankor qonşularımızla üz-üzə dayandıq. İllərlə əzəli, əbədi torpaqlarımız yağı düşmənin işğalında qaldı. Ona görə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrildi. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə, obasına hörmət, soykökünə, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır.
Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatlarında canlarını əsirgəmədilər. Erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının vətəndaşları, bütün dünyaya səpələnmiş azərbaycanlılar dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu.
Bugünkü Azərbaycan gəncliyi həm gələcəyimizin qurucuları oldular, həm də bu günümüzün. Belə ki, məhz Azərbaycan gəncliyinin vətən sevgisi, azadlıq ruhu, cəsurluğu, Ali Baş Komandana inamı və etimadı nəticəsində Vətən savaşında misilsiz şücaətlər göstərildi, Qarabağımız azad edildi. Artıq Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız ata-baba yurdlarımızda – Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Xankəndidə… dalğalanır. Vətən müharibəsi dövründə Prezident cənab İlham Əliyevin mütəmadi olaraq xalqımıza müraciəti soydaşlarımıza, o cümlədən gənclərə böyük ruh yüksəkliyi verirdi. Bu gün hər bir azərbaycanlı cənab Prezidentin fəaliyyətini özünə örnək bilərək Vətənimizi göz bəbəyi kimi qorumağa hazırdır. Bu gün gənclərimiz Ulu öndər Heydər Əliyevin dediyi kimi, hər zaman azərbaycanlı olmaqları ilə fəxr edir və qalib ölkənin vətəndaşı olmaqdan qürur hissi duyurlar. Artıq beş ildir müzəffər xalq kimi yaşayırıq və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.
Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Əliyeva Leyla