image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1772522803_bb1eaee9013bf96d1b7f2deac988adbe

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

image-legitimaz-810x90

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.

 

Azərbaycan bu gün təkcə zəngin enerji ehtiyatlarına malik dövlət kimi deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tranzit ölkə kimi çıxış edir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Xəzər hövzəsi ilə Qərb bazarları arasında körpü rolunu oynaması və illər ərzində formalaşdırılmış müasir enerji infrastrukturu bu mövqeni daha da möhkəmləndirir. Azərbaycanın həyata keçirdiyi enerji strategiyası uzunmüddətli baxışa əsaslanır və yalnız milli maraqlara deyil, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə də xidmət edir. Azərbaycan bu gün Qazaxıstan və Türkmənistan üçün mühüm neft tranzitini təmin edir. Xəzərin şərq sahillərində hasil olunan xam neft ölkəmizin nəqliyyat sistemi vasitəsilə beynəlxalq bazarlara çatdırılır. Azərbaycan ərazisindən keçən boru kəmərləri və terminallar region ölkələri üçün təhlükəsiz və alternativ ixrac marşrutu yaradır. İldən-ilə tranzit edilən neftin həcminin artması Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Eyni zamanda, ölkəmiz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək imkanına malikdir və bunun üçün lazımi texniki baza və logistika infrastrukturu mövcuddur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə özünü göstərir. Bu strateji layihə Xəzər qazının birbaşa Avropa bazarına çıxışını təmin edir və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Türkiyə üzərindən keçərək Avropaya uzanan bu dəhliz Azərbaycanın qlobal enerji sistemindəki yerini daha da möhkəmləndirir. Bu layihə təkcə iqtisadi baxımdan deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və regionda sabitliyin qorunmasına xidmət edir. Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi artıq yalnız xam neft və qaz ixracı ilə məhdudlaşmır. Ölkəmiz xarici bazarlarda da aktiv investor kimi çıxış edir. Bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə olan ən böyük elektrik stansiyalarından birinin əldə olunması Azərbaycanın regional enerji bazarındakı rolunu genişləndirir. Bu investisiya ölkəmizin enerji sektorunda strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirir və minlərlə istehlakçının enerji təminatına töhfə verir. Bundan əlavə, Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair imzalanmış müqavilə Azərbaycanın Balkan regionunda enerji tərəfdaşlığını gücləndirir. Beləliklə, ölkəmizin enerji strategiyası artıq hasilat və tranzitlə yanaşı, xarici ölkələrdə enerji infrastrukturunun qurulmasını və idarə olunmasını da əhatə edir.

Mühüm nailiyyətlər sırasında İtaliya ərazisində ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması xüsusi yer tutur. Bu müəssisələr Avropa bazarına birbaşa çıxış imkanı yaradır və Azərbaycanın neft məhsullarının davamlı təchizatını təmin edir. Bununla yanaşı, Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz illik 12 milyon tonluq neftayırma müəssisəsi mövcuddur. Nəticədə Aralıq və Egey dənizləri hövzəsində ümumilikdə 22 milyon ton neftayırma potensialı formalaşır. Bu göstərici Azərbaycanın artıq yalnız xam neft ixrac edən ölkə deyil, yüksək əlavə dəyər yaradan emal və paylama zəncirində mühüm aktor olduğunu sübut edir. Formalaşmış bu geniş emal və paylama şəbəkəsi minlərlə yanacaqdoldurma məntəqəsini əhatə edir və neft məhsullarının fasiləsiz təminatına şərait yaradır. Azərbaycanın enerji siyasəti hasilatdan başlayaraq emal, nəql, satış və beynəlxalq investisiya mərhələlərini özündə birləşdirən kompleks və şaxələndirilmiş modelə çevrilmişdir. Bu model ölkənin iqtisadi dayanıqlığını artırır, gəlirlərin şaxələndirilməsinə imkan verir və qlobal enerji bazarında mövqeyini daha da gücləndirir. Azərbaycan bu gün regionun aparıcı enerji mərkəzlərindən biri kimi çıxış edir. Tranzit imkanları, beynəlxalq layihələrdə fəal iştirakı, Avropada və qonşu regionlarda həyata keçirdiyi investisiyalar ölkəmizi qlobal enerji təhlükəsizliyinin mühüm iştirakçısına çevirir. Azərbaycanın enerji siyasəti artıq milli sərhədləri aşaraq daha geniş coğrafiyada sabitlik, etibarlılıq və davamlı inkişafın təmin olunmasına xidmət edir

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Ehtiram Qasımov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki