Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi mövcud coğrafiyanı sülh, sabitlik və inkişaf məkanı kimi görməkdə maraqlı və israrlıdır.
Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında real danışıqların 2024-cü ilin əvvəlindən başladığını bildirmişdi. Yəni, dövlətimizin başçısı həmin vaxtadək Bakının İrəvana uzatdığı sülh əlinin geri çevrildiyini vurğulamışdı.
Məsələ ondadır ki, Ermənistan dəstək vədlərindən ruhlanıb illüziyaya qapılmışdı. İş o o yerə çatmışdı ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edən baş nazir Nikol Paşinyan 2023-cü ilin sentyabrın əvvəlində yerli mediaya müsahibəsində Qarabağdakı separatçı qurumu nəzərdə tutaraq bildirmişdi ki, “Qarabağın özünün seçkili hakimiyyəti var”.
Nəhayət, Ermənistanın bu sayaq hədsizliyi, həyasız davranışları, bəzi beynəlxalq dairələrin dəstəyi Azərbaycanın səbr kasasını daşırdı. Silahlı Qüvvələrimiz 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Separatçı rejim isə tarixin zibilliyinə göndərildi. Ancaq Ermənistan yenə məkrindən qalmadı.
Rəsmi İrəvan Qarabağın erməni əhalisini tələm-tələsik bölgədən çıxartdı və bunu etnik təmizləmə kimi qələmə verdi. Antiterror tədbirlərindən sonrakı, təxminən, 3-4 ay müddətində erməni iqtidarı və onun havadarları var gücləri ilə çalışdılar ki, hayların bölgəyə qayıdışını sülh danışıqlarının predmetinə çevirsinlər.
Ermənistan rəhbərliyinin 2024-cü ilin əvvəlindən real danışıqlara üstünlük verməsi bütün bu “istəklərin” puça çıxmasından sonra oldu. Paşinyan və tərəfdarları Azərbaycana qarşı gedişlərinin nəticə verməyəcəyini anladılar. Əlbəttə, demək olmaz ki, Ermənistan hazırda real məcraya qədəm qoymuş sülh danışıqlarında pozitiv mövqe tutur. Heç vaxt da tutmayıb.
Məsələn, rəsmi İrəvan dəfələrlə sülh sazişinin yarımçıq şəkildə imzalanmasına çalışmışdı. Paşinyan və komandasının üzvləri, habelə xaricdəki havadarları əvvəl barış sazişi mətninin 13, sonra 15 müddəası razılaşdırıldıqdan sona bəyanat yayıb elə fon yaratmışdılar ki, sanki sənəd tez bir zamanda imzalana bilər. Hətta, mövcud fonda Azərbaycanın, guya, barış istəmədiyinə dair sərsəmləmələrin də şahidi olmuşduq. Yenə də məqsəd avantürizmi qorumaq, onun üçün tutacaq yerlər saxlamaq idi.
Nəhayət, 2025-ci ildə Ermənistan sülh müqaviləsinin bütün bəndləri üzrə Azərbaycanla razılığa gəlməyə məcbur oldu. İndi qalır rəsmi İrəvanın sazişin imzalanması üçün iki şərtimizi yerinə yetirməsi. Prezident İlham Əliyev Macarıstanda da həmin şərtləri bir daha açıqlayıb: “Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini