Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi
Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 27 sentyabr Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcıdır. Hər şey o gün, tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə verilmiş qərar tarixi qələbəmizi şərtləndirdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.
Prezident İlham Əliyevin 27 sentyabr Anım Günündə xalqa etdiyi müraciət bizi Qalib xalq olaraq bir daha duyğulandırdı, qürurlandırdı! Bu müraciəti dinlədikcə bir daha Ali Baş Komandanımızla, şəhidlərimizlə, qazilərimizlə, Ordumuzla, bütövlükdə xalqımızla qürur duyduq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev müraciətində ilk növbədə şəhidlərimizi – canı, qanı bahasına bu qələbənin qazanılmasında iştirak etmiş əsgər və zabitlərimizi hörmət və ehtiramla andı. Əsgər və zabitlərimizin qəhrəmanlığını, igidliklərini yüksək dəyərləndirdi.
Prezident İlham Əliyev geniş və əhatəli müraciətində olduqca mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.
Müraciətdən sitatlara diqqət yetirək:
Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın.
Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm bizim Qələbəmizlə razılaşıb, bunu qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.
44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik, təkcə düşməni torpağımızdan qovmadıq, təkcə milli ləyaqətimizi bərpa etmədik, biz erməni faşizminin başını əzdik.
Ermənistanda hakimiyyət dəyişikliyi olur və olubdur, ancaq düşmənin xisləti dəyişmir. Ermənistanda tüğyan edən azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal