”Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız”
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.Tarixə nəzər salsaq Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Bayraq bizim kimliyimiz, bayraq bizim varlığımızdır. Azərbaycanın Respublikasının Dövlət bayrağı milli suverenliyin simvoludur.Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.Ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı





















