Azad edilmiş Kəlbəcər Azərbaycanın dağ incisi yeni inkişaf mərhələsindədir
Kəlbəcərin təbiəti, relyefi, səfalı yaylaqları, zəngin su ehtiyatları onu ölkənin ən strateji rayonlarından birinə çevirir. Hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri bölgəni təkcə müasir yaşayış mərkəzinə çevirmir, həm də onun iqtisadi gücünü artırır. Murovdağ tunnel layihəsi regionu ölkənin digər rayonları ilə sürətli və təhlükəsiz şəkildə birləşdirəcək. İstisu sağlamlıq və turizm kompleksi Kəlbəcəri Qafqazın aparıcı turizm məkanlarından birinə çevirəcək. Enerji və yaşıl zona konsepsiyası bölgənin ekoloji cəhətdən dayanıqlı inkişafını təmin edəcək. Yeni kənd və şəhərsalma planları müasir urbanizasiya ənənələrinin Kəlbəcərdə tətbiqinə yol açır. Bu proseslər 25 noyabrın ruhunu yaşadır, işğaldan azad edilmiş torpağın dirçəlməsi, yenidən həyata qayıdışı və Azərbaycan üçün strateji əhəmiyyətinin daha da yüksəlməsidir.
Kəlbəcər şəhəri gününün qeyd olunması tək Kəlbəcərdən olanlar üçün deyil, bütün Azərbaycan üçün əhəmiyyətlidir. Çünki 25 noyabr milli həmrəyliyin gücləndirilməsi, zəfər tariximizin təbliği gənc nəslin vətənpərvərlik tərbiyəsi, işğaldan azad edilmiş torpaqların əhəmiyyətinin vurgulanması kimi ideoloji missiyaları daşıyır.
Bu gün məktəblərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında, ictimai platformalarda Kəlbəcərin tarixi, azadlığı və gələcəyi ilə bağlı tədbirlərin keçirilməsi milli yaddaşı möhkəmləndirən mühüm prosesdir.
25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi sıradan bir təqvim seçimi deyil. Bu gün Azərbaycanın müzəffər ordusunun qüdrətinin, diplomatik və siyasi iradəsinin, işğaldan azad edilmiş torpaqlara olan sevgi və bağlılığın, gələcəyə inam və quruculuq əzminin təntənəli şəkildə təsdiqidir.
Kəlbəcər 25 noyabrda yalnız azadlığını deyil, həm də özünün yeni inkişaf fəlsəfəsini tapdı. Bu gün dövlətçilik tariximizin şanlı zəfərinin əbədiləşdirilmiş simvoludur.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc





















