Azad edilmiş ərazilərdə təşkil olunan beynəlxalq forumlar Azərbaycanın açıq, şəffaf və əməkdaşlığa hazır ölkə olduğunu bir daha sübut edir
Azərbaycanın son illərdə əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri işğaldan azad olunmuş ərazilərdə sürətlə aparılan bərpa və quruculuq işləridir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr bu əraziləri təkcə yaşayış və iqtisadi inkişaf mərkəzinə deyil, eyni zamanda beynəlxalq siyasi, iqtisadi və mədəni tədbirlərin keçirildiyi nüfuzlu platformaya çevirib. Bu proses Azərbaycanın regionda artan rolunun, beynəlxalq arenada güclənən mövqeyinin və sülhə verdiyi töhfənin bariz göstəricisidir.
İşğaldan azad olunmuş rayonlarda qısa müddətdə yaradılan infrastruktur, müasir hava limanları, avtomobil və dəmir yolları, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu ərazilərdə keçirilən beynəlxalq tədbirlər artıq yeni reallıqların dünyaya təqdimatı funksiyasını daşıyır. Xarici ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və nüfuzlu ekspertlər Qarabağ və Şərqi Zəngəzura səfər edərək görülən işlərlə yerində tanış olurlar.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuşa şəhəri qısa müddətdə beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Burada təşkil olunan beynəlxalq forumlar, mədəni festivallar, konfranslar və rəsmi görüşlər Şuşanın tarixi missiyasına yeni məzmun qazandırır. Şuşada keçirilən tədbirlər sülh, əməkdaşlıq, mədəniyyətlərarası dialoq kimi mövzuların beynəlxalq səviyyədə müzakirəsinə şərait yaradır və şəhərin qlobal miqyasda tanıdılmasına xidmət edir.
Azad edilmiş ərazilərdə təşkil olunan beynəlxalq forumlar Azərbaycanın açıq, şəffaf və əməkdaşlığa hazır ölkə olduğunu bir daha sübut edir. Bu tədbirlər vasitəsilə regionun gələcək inkişaf perspektivləri, dayanıqlı bərpa modelləri, yaşıl enerji layihələri və regional əməkdaşlıq imkanları müzakirə olunur. Xarici qonaqlar öz çıxışlarında Qarabağda aparılan bərpa işlərini yüksək qiymətləndirir, Azərbaycanın post-münaqişə dövründə tətbiq etdiyi modelin nümunəvi olduğunu vurğulayırlar.
Beynəlxalq tədbirlərin keçirilməsi işğaldan azad olunmuş rayonların turizm potensialının da sürətlə artmasına təkan verir. Qarabağın zəngin təbiəti, tarixi abidələri və mədəni irsi xarici qonaqlar üçün böyük maraq doğurur. Eyni zamanda, bu tədbirlər mədəni diplomatiya baxımından mühüm rol oynayır, Azərbaycanın sülhsevər siyasətini, multikultural dəyərlərə sadiqliyini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi regionun sosial-iqtisadi inkişafını sürətləndirir. Yeni iş yerlərinin yaradılması, xidmət sektorunun genişlənməsi və investisiya mühitinin yaxşılaşması bu prosesin əsas nəticələrindəndir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur artıq qlobal proseslərin müzakirə edildiyi, beynəlxalq əməkdaşlıq təşəbbüslərinin formalaşdığı mühüm məkana çevrilir.
İşğaldan azad edilmiş rayonlarımızın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın güclü dövlətçilik iradəsinin, uzaqgörən siyasətinin və sülhə əsaslanan inkişaf strategiyasının məntiqi nəticəsidir. Bu ərazilərdə keçirilən hər bir beynəlxalq tədbir həm regionun dirçəlişinin, həm də Azərbaycanın dünyaya verdiyi mühüm mesajların ifadəsidir. Qarabağ və Şərqi Zəngəzur artıq yalnız ölkədaxili deyil, beynəlxalq miqyasda da diqqət mərkəzində olan, gələcəyə inamla addımlayan inkişaf və əməkdaşlıq məkanına çevrilib.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc






















