Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir.
2026-cı il yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində cənab Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasi mövqeyinin və diplomatik yanaşmasının aydın ifadəsi kimi qiymətləndirilir. Bu müsahibə təkcə qlobal auditoriya üçün deyil, eyni zamanda ölkə daxilində siyasi strategiyanın mahiyyətini izah edən mühüm mesajlar toplusu idi.
Müsahibənin əsas məqamlarından biri Prezidentin “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir” fikri oldu. Bu bəyanat ilk baxışda sadə görünsə də, əslində Azərbaycanın Avropa institutları ilə münasibətlərində formalaşmış yeni mərhələnin göstəricisidir. Cənab Prezident bu yanaşma ilə Azərbaycanın xarici təzyiqlər fonunda emosional deyil, prinsipial və suveren mövqedən çıxış etdiyini nümayiş etdirdi. Ölkə başçısı müsahibəsində qeyd etdi ki, “Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Parlamentinin uzun müddət ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi tənqidlər əksər hallarda selektiv, birtərəfli və siyasi sifariş xarakteri daşıyıb. Bu tənqidlər real vəziyyətə deyil, müəyyən dairələrin ideoloji yanaşmalarına əsaslandığı üçün rəsmi Bakı artıq onları ciddi siyasi arqument kimi qəbul etmir. Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə özünəinamının artdığını və xarici siyasətinin daha rasional müstəviyə keçdiyini göstərir.
Cənab Prezident İlham Əliyev Davos kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycanın müstəqil siyasi iradəyə malik dövlət olduğunu bir daha bəyan etdi. Bu, xüsusilə post-münaqişə dövründə regional liderliyini möhkəmləndirən ölkəmizin mühüm mesajıdır. Azərbaycan artıq öz daxili və xarici siyasətini kənar təsdiqə ehtiyac duymadan formalaşdırır. Cənab Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın beynəlxalq arenada yetkin, müstəqil və öz maraqlarını açıq şəkildə müdafiə edən dövlət kimi çıxış etdiyini göstərdi.
Ruxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru






















