ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının fəaliyyətləri bağlanıb
Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun sözügedən mövqeyindən irəli gəlir. Vaşinqton görüşü öncəsi Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı nikbin proqnozlar verilirdi, bu gözləntilər də özünü doğrultdu. Belə ki, Vaşinqtonda tarixi hadisələr baş verdi. Əvvəlcə qeyd edək ki, dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, xalqımız və ölkəmi haqqında müsbət fikirləri ilk növbədə dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir.
Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir.
Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin, iki ölkənin prezidentləri arasında keçirilən görüş çərçivəsində D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması xüsusi vurğulanmalıdır. Məlumdur ki, vaxtilə qəbul olunmuş bu sənəd tamamilə obyektivlikdən uzaqdır. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş 907-ci düzəliş iki ölkənin münasibətlərinə ciddi xələl gətirirdi. Doğrudur, illər öncə 907-ci düzəlişin tətbiqi dayandırılmışdı, lakin Bayden administrasiyası dövründə bu sənəd yenidən tətbiq olunmağa başladı. Prezident Tramp tərəfindən verilən bu qərar isə ədalətin bərpasıdır.
Ən mühüm məqam Vaşinqtonda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün atılan addımlardır. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ olduqca vacibdir. Saziş layihəsinin paraflanması, sənədin imzalanması üçün mühüm mərhələdir. ATƏT-in Minsk qrupuna gəlincə, birgə müraciət bu təsisatın sonu deməkdir. Məlumdur ki, Minsk Qrupunun ləğvi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biridir. 30 il ərzində münaqişənin həlli üçün heç bir praktiki addım atmayan Minsk qrupu artıq rəsmən tarixin arxivinə göndərilir.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri