Amnistiyanın şamil olunacağı şəxslər.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan beş mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş üç mindən artıq şəxsin cəzasının azaldılacağı, yeddi mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, dörd minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu təşəbbüs həm qanunvericilik sahəsində əhəmiyyətli bir addım, həm də cəmiyyətə qarşı humanist və ədalətli münasibətin təzahürü kimi qiymətləndirilir. Amnistiya təşəbbüsü, əsasən, hüquqi sistemin yumşaldılması, cəmiyyətin müxtəlif təbəqələrində barış və etimadın möhkəmləndirilməsi məqsədini daşıyır. Eyni zamanda, bu addım Prezidentin və dövlətin vətəndaş mərkəzli siyasətinin növbəti ifadəsi kimi çıxış edir və cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Belə təşəbbüslər həm də qanunvericilikdə çevik və insanpərvər yanaşmanın göstəricisidir və dövlətin hüquq sisteminə inamın artırılmasına töhfə verir. Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident cənab İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


















